Cənubi Qafqazda Sülhün Çağırışları: reallıqlar, risklər və diplomatik perspektivlər

Bölmə: Siyasət › ,
Tarix: 20:13 10.03.2025

 

Azərbaycan və Ermənistan arasında 2020-ci il müharibəsindən sonra sülh danışıqları getsə də, sərhəddə baş verən təxribatlar və gərginlik eskalasiya riskini artırır. Sərhəd məsələləri tam həll olunmadığı üçün tərəflər arasında qarşıdurma ehtimalı qalır.

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan hətta deyərdim ki, "yağsız tikə" kimi Cənubi Qafqaz bölgəsindən qoparılıb və xarici qüvvələrin əlində oyuncağa çevrilib:

 

"Sülh sazişinin imzalanmasına çox var. Əgər Ermənistanda sülh sazişi imzalamaq planı varsa, onlar bunu öz addımları ilə təsdiqləsin. Biz görürük ki, Azərbaycan sülh gündəliyini formalaşdırır, Ermənistana 5 prinsipdən ibarət paket təqdim edilib. Amma biz görürük ki, Ermənistan boş yerə vaxt itirir, digər tərəfdən, guya sülhdə maraqlı olduqları görünüşünü yaradır. Əlbəttə ki, biz bu proseslərə bir istiqamətdən baxmırıq. Burada Fransanın, Yunanıstanın və digər ölkələrin rolu var ki, onlar çalışırlar ki, Ermənistanı silahlandırsınlar. Bunlar hər biri çalışır ki, Ermənistan daim Azərbaycanla savaşda olsun, Cənubi Qafqazda sabitlik olmasın. Biz gördük ki, Qərbin planları Cənubi Qafqazda büdrədi. Gürcüstana təzyiqlər baş tutmadı. Çalışırdılar ki, Gürcüstanda qərbyönümlü qüvvələr qalib gəlsin, amma alınmadı. Onlar çalışdılar ki, Ermənistan və Gürcüstan arasında bağlılıq yaransın və Azərbaycan təklənsin, bu alınmadı. Gürcüstan Azərbaycanın modelindən yararlandı və biz Gürcüstan xalqının qələbəsinə sevinirik. Ermənistan isə hətta deyərdim ki, "yağsız tikə" kimi Qafqaz bölgəsindən qoparılıb və xarici qüvvələrin əlində oyuncağa çevrilib. Ermənistan xalqı anlamır ki, başqa qüvvələrin əlində oyuncağa çevrilmək fəlakətlə bitir. Silah-sursata xərclənən pula infrastruktur yenilənə bilər, islahatlar keçirilə bilər və s. Amma bunlar olmur və Ermənistan çalışır ki, sülh prosesi çərçivəsində Azərbaycanı inandırsın ki, onların maraqları ciddidir. Amma əslində, belə deyil".

 

"Təsadüfi deyil ki, onların silahlı qüvvələrinin rəhbərliyində xarici qüvvələr dayanır və çalışırlar ki, Ermənistan cəmiyyətində revanşist ruhu saxlasınlar. Bu çox təhlükəli məsələdir. Biz demişik ki, Ermənistan ilk növbədə, konstitusiyasını dəyişsin, ərazi iddialarından birdəfəlik əl çəksin. Sonra biz sülh sazişi ətrafında danışa bilərik. Prezidentin sözü var ki, delimitasiya-demarkasiyaya biz hazırıq, Ermənistan bundan qaçır. Əgər onlar istəmirsə, biz də istəmirik. Biz harda istəsək mövqelərimizi bərkidəcəyik. Ermənistan o gücdə deyil ki, Azərbaycana meydan oxusun. Biz isə onlara meydan oxumuşuq və yenə də oxuya bilərik. Biz ərazi bütövlüyümüzü təmin etdik, məqsədimizə çatdıq. Əgər bundan sonra Ermənistan yolunu azsa, biz tədbirlərimizi görəcəyik. Bunları prezident İlham Əliyev bir neçə dəfə bəyan edib".

 

Politoloq qeyd edib ki, Ermənistan xalqına ən çox lazım olan sülh və stabillikdir ki, onlar da inkişaf yollarına qədəm qoya bilsinlər:

 

“Hələki onlar bu yoldan uzaqdırlar və siyasi rəhbərlikdə elə bir vəziyyət yaradır ki, Ermənistan xalqı bu yola qədəm qoya bilməsin. Bu yolun Ermənistan üçün və onun xalqı üçün heç bir faydası yoxdur. Bu onların faciəsidir. Belə bir deyim var, suda boğulan əgər xilas olmaq istəyirsə, gərək əl-ayaq açsın”.

 

 

Günel Verdiyeva