Trampın Zelenskiyə qarşı davranışı-İran və ABŞ arasındakı gərginlik

Tarix: 20:55 13.03.2025
İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Trampın Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə davranışını utancverici adlandırıb.
“Zelenskiyə qarşı etdiyi davranış həqiqətən utancvericidir. Onların “biz sənə bunu etməyi, bunu etməməyi əmr edirik, yoxsa belə edərəm” demələri qəbuledilməzdir. Səninlə danışıqlara belə getməyəcəyəm, nə qələt istəyirsən, et!”, - o bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Tramp İranın ali lideri Əli Xameneiyə məktub ünvanlayaraq Tehranın Vaşinqtonla danışıqlara gedəcəyinə ümid etdiyini vurğulayıb. Buna cavab olaraq isə Xamenei Tramp administrasiyası ilə heç vaxt danışıqlar olmayacağını bildirib.
Mövzuyla əlaqədar politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, məlum bəyanat Pezeşkiyanın Qərbə yönəlik həyata keçirdiyi yumşalma siyasətinin Vaşinqtona ünvanlanmayacağı ehtimalını yüksəldir:
“Pezeşkiyanın hakimiyyətə gəlməsindən sonra Qərblə uzlaşma siyasəti həyata keçirəcəyi ilə bağlı bəyanatlar səsləndirilirdi. Lakin Trampa yönəlik ifadə olunan bu bəyanat ABŞ ilə bağlı bu siyasətin artıq həyata keçməyəcəyini göstərir. Tramp birinci hakimiyyət dövründə İrana qarşı kəskin siyasəti ilə seçilib. İkinci dövrdə də Tehranı qıcıqlandıracaq siyasətin yürüdülməsini də deməyimizə imkan yaranır. Pezeşkiyanın ABŞ ilə birbaşa olaraq konfrantasiyaya getməyəcəyi aşkardır.
Çünki İranın hazırkı vəziyyəti bu kimi qarşıdurmaları dərinləşdirməyə imkan vermir”.
Ekspertin sözlərinə görə, Trampın Zelenskiyə qarşı münasibəti ABŞ-Ukrayna arasında əlaqələrə neqativ təsir göstərib:
“Oval ofisdə olan görüşdə Trampın Zelenskiyə qarşı münasibətləri təbii ki, iki dövlət arasında mənfi təsir göstərə biləcək. Görüşdən dərhal sonra ABŞ Ukraynaya hərbi yardımları dayandırdı. Bu hal Rusiya-Ukrayna müharibəsinin taleyini Ukrayna üçün acınacaqlı edəcəyi düşünülə bilsə də, hazırkı vəziyyətdə Ukrayna öz aktivliyini qoruyub saxlayır. Rus şəhərlərinin dronlarla vurulması və bunun qarşısında nüvə dövləti olan Rusiyanın özünü qoruya bilməməsi bunu sübut edir ki, Ukrayna ABŞ olmadan da özünü müdafiə etməyi bacarır.
Hazırkı vəziyyətdə ciddi şəkildə bərabər olmayan qüvvələr balansı var. Belə olduğu halda müharibənin daha uzun müddət davam etməsi və Ukraynanın öz torpaqlarını azad edə bilməsi yaxın gələcək üçün gözlənilən deyil”.
Asiman Vəliyeva