Türkiyə və ABŞ prezidentləri telefonla danışıblar
.jpg)
Tarix: 20:45 17.03.2025
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tərəflər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, bu yaxınlığın təməli Sovetlər Birliyinin mövcudluğu vaxtına gedib çıxır:
“40-cı illərin sonu — 50-ci illərin əvvəlindən Vaşinqtonla Ankara arasında strateji münasibətlər formalaşmağa başladı. İndiyə gəldikdə isə ABŞ bilavasitə Türkiyə ilə Yaxın və Orta Şərq proseslərində məsləhətləşmələr aparır. Nəzərə alsaq ki, Türkiyə təkcə regionda deyil, dünyada böyük nüfuz sahibinə çevrildi. Əlbəttə ki, Tramp rəsmi Ankaranın mövqeyini nəzərə almadan heç bir qərarın reallaşmasına imkan verməz.
Hazırda isə biz bilirik ki, Trampın ən böyük məqsədlərindən biri güclü siyasətçilərlə əməkdaşlıq etməkdir. ABŞ dünyanın ən güclü ölkəsidir. Düzdür, indi deyirlər ki, Trampın Amerikası artıq Yaxın və Orta Şərqdən uzaqlaşmaq niyyətindədir. Son günlərin vacib göstəricisi ondan ibarətdir ki, İsrail dövləti Suriyada parçalama siyasəti həyata keçirmək istəyir. Lakin Türkiyənin diplomatiyası ilə İsrailin planları alt-üst oldu. Tramp da istəyir ki, İsrail çox dərinliklərə getməsin. Çünki Suriyada dirəniş olarsa, onun maraqları Türkiyə ilə toqquşacaq. Tramp böyük ümidlərlə həm Türkiyənin mövqeyini, həm də yanaşmalarını qəbul edir. Ona görə də bu münasibətin çox böyük perspektivi var”.
Çimnaz Telmanqızı