"2 martdan bu yana Qəzzaya humanitar yardım daxil olmayıb"

Bölmə: Dünya › ,
Tarix: 22:04 29.03.2025

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyi (UNRWA) İsrailin qadağası səbəbindən 2 martdan bu yana Qəzza Zolağına heç bir humanitar yardım göndərilmədiyini açıqlayıb.

 

UNRWA-nın "X" hesabından yayımlanan hesabatda bildirilib ki, İsrailin maneə törətməsi nəticəsində 2 martdan bu yana Qəzzəyə nə humanitar, nə də ticarət malları daxil olub.

 

Hesabatda UNRWA Baş Komissarı Filip Lazzarininin sözlərinə yer verilib:

"Qəzza xalqı həyatda qala bilmək üçün İsrail üzərindən gətirilən idxaldan asılıdır. Yardımın daxil olmadığı hər gün daha çox uşağın ac yatması, xəstəliklərin yayılması və yoxsulluğun dərinləşməsi deməkdir".

 

Hesabatda, 19 martda Deyr əl-Bəlahda iki BMT qonaq evinə edilən hücumda Birləşmiş Millətlər Layihə Xidmətləri Ofisinin (UNOPS) bir əməkdaşının öldüyü, 6 BMT işçisinin yaralandığı xatırladılıb. Həmçinin 7 oktyabr 2023-cü ildən bu yana 284 UNRWA əməkdaşının öldürüldüyü bildirilib.

 

Qeyd olunub ki, 25 mart tarixinə qədər Qəzza Zolağında fəaliyyət göstərən 22 UNRWA səhiyyə mərkəzindən cəmi 6-sı işləyir, əlavə olaraq müvəqqəti səhiyyə mərkəzi kimi istifadə edilən 4 UNRWA icarəyə götürülən obyekt fəaliyyət göstərir. Səhiyyə xidmətləri həm sığınacaq mərkəzlərində, həm də onlardan kənarda yerləşən 53 tibbi məntəqə vasitəsilə təmin edilir.

 

İsrail bombardmanlarının yenidən başlamasından sonra UNRWA-nın uşaqlara yönəlik təhsil və psixososial dəstək fəaliyyətlərini azaltmaq məcburiyyətində qaldığı vurğulanıb.

 

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin bir çox şəhərdə genişmiqyaslı hücumlarının davam etdiyi bildirilən hesabatda UNRWA və tərəfdaşlarının təcili humanitar yardım, psixososial dəstək, mobil səhiyyə klinikaları və onlayn təhsil kimi xidmətlər göstərməyə davam etdiyi qeyd edilib.

 

UNRWA-nın sosial media platforması "X" hesabından 27 martda yayımlanan açıqlamada, İsrail hücumları nəticəsində Qəzzədə bir gün ərzində 180-dən çox uşağın öldüyü bildirilib.

 

İsrail, atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsinin başa çatmasının ardından 2 martda Qəzza Zolağına hər cür humanitar yardımın girişini dayandırıb, 9 martda isə elektrik təchizatını kəsdi.

 

Mənbə :TRT Haber

Nigar Həsənzadə