Əliyev-Ştaynmayer görüşü-Almaniya sülh üçün nə vəd edir ?

Tarix: 18:29 04.04.2025
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar yekunlaşıb. İki ölkə sülhə yaxın olduğu üçün hazırda ABŞ, Rusiya, Böyük Britaniya kimi, Almaniya da prosesdə iştirak etmək vasitəçi olmaq istəyir”.
Bu sözləri “informator.az”a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O qeyd edib ki, Ştaynmayer Azərbaycana səfər edən ilk Almaniya prezidentidir:
“Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 2-də Azərbaycana səfər etdi. Səfər iki baxımdan diqqət çəkir:
1. Frank-Valter Ştaynmayer Azərbaycana səfər edən ilk Almaniya prezidentidir.
2. Almaniya prezidenti Azərbaycana Ermənsitandan gəlib.
"Ştaynmayer səfər çərçivəsində Prezident İlham Əliyevlə təkbətək görüşüb. Görüşdən sonra isə prezidentlər mətbuata bəyanatla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar. Almaniya Avropanın ən mühüm ölkələrindəndir. Hətta ən azı Fransa və Böyük Britaniya qədər Cənubi Qafqazla tarixən yaxından maraqlanan iqtisadi, siyasi yenilikləri izləyən, nüfuz qazanmaq istəyən ölkədir.
Hər iki detal çox mühümdür və səfərin səbəbi ilə bağlı fikir deməyə əsas verir".
Azərbaycan Prezidentinin ikitərəfli görüşdə sülh üçün vacib olan şərtini açıqlayıb:
Ştaynmayer mətbuatın suallarını cavablandırarkən, Ermənistana səfər zamanı edilən səhvi düzəldib. Ştaynmayer:
“Biz məsələlərə beynəlxalq hüquq normalarına uyğun münasibət bildiririk. Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq” , - deyib. Yəni rəsmi Berlin sülh prosesində yer almaq istəyir.
Almaniya prezidenti çıxışında Almaniya və Fransa arasında çoxsaylı müharibələrdən danışıb və bu gün iki xalqın keçmişi geridə qoyduğunu, dost xalqlar olduğunu qeyd edib”.
Politoloqun sözlərinə görə, Almaniya-Fransa münasibətləri Ermənistan və Azərbaycan üçün maraqlı və müəyyən mənada məqbuldur:
“Bunu Berlinin perspektivdə regionu və Bakı-İrəvan münasibətlərini necə görmək istədiyi kimi də qiymətləndirmək olar. Lakin Cənubi Qafqazın reallıqları fərqlidir. Region uğrunda böyük güclərin maraqları tez-tez dəyişir. Bu, bölgə ölkələrinin münasibətlərinə təsirsiz ötüşmür. Lakin yenə də Azərbaycan sülhdə maraqlıdır. Azərbaycan Prezidenti almaniyalı həmkarı ilə görüşdə İrəvandan gözləntisini və sülh üçün iki mühüm şərtini açıqladı:
1. ATƏT-in Minsk qrupu ləğv edilməlidir.
2. Ermənistan konstitusiyasındakı ərazi iddialarını ehtiva edən maddələr dəyişməlidir.
Azərbaycan üçün sülhün hansı ölkədə, kimin vasitəçiliyi ilə imzalanmasının heç bir fərqi yoxdur.. Bu həm Ermənistana, həm Almaniyaya, həm də sülhün imzalanmasında iştirak etmək istəyən aktorlara açıq mesajdır. İrəvanı bu iki şərtin icrasına razı salan ölkə vasitəçi ola bilər. Almaniyanın Ermənistanı Bakının şərtlərinə razı salıb-salmayacağını zaman göstərəcək, amma Berlinin boş dayanmayacağı bəllidir.
Almaniya sülh prosesində iştirakdan əlavə regional enerji layihələrində də yer almaq istəyir. Yəni sülh prosesində iştirakın pərdəarxasında regiona nüfuz və iqtisadi maraqlar var”.
Turan Rzayev vurğulayıb ki, Almaniya ATƏT-in Minsk Qrupunun ləğvinə nail ola bilər:
“Berlin Parisdən fərqli olaraq tərəf tutmaq istəmir. Yəni İrəvanı, ya da Bakını dəstəkləməkdənsə, tərəfləri uzlaşdırıb daha güclü əməkdaşlıq qurmağı düşünür. Buna nail olsa , regiona ciddi alman investisiyasının axın etdiyini görmək olar. Bakı üçün sülhü təmin edəcək ölkə məqbuldur. Digər tərəfdən, Almaniya ilə əməkdaşlıq bir çox baxımdan dividend gətirə bilər. Ümumiyyətlə, Cənubi Qafqaz vacib regiondur. Bakı regionun dəyərini bildiyi üçün bir çox hallarda üst pərdədən danışır. Bu da onu daha dəyərli edir. Bakının yanaşması daha uğurludur. Bakının şərtlərinə gəlincə , Almaniya ATƏT-in Minsk Qrupunun ləğvinə nail ola bilər. Ermənistan konstitusiyasındakı dəyişiklik isə Berlin üçün çətin məsələdir. Çünki Almaniyanın Ermənistana təzyiq imkanları azdır. Lakin bu məsələdə də müvafiq addımlar ata bilərlər. Effektivliyini isə zaman göstərəcək”.
Niyaz Hacıyev