Tramp İranın ABŞ ilə birbaşa danışıqlar aparmaq istədiyini açıqlayıb

Bölmə: Siyasət › ,
Tarix: 19:40 04.04.2025

 

Donald Tramp son açıqlamasında İranın birbaşa danışıqlar aparmaq istədiyini iddia edib.ABŞ prezidenti Tramp Yaxın Şərqdə Amerika hərbi varlığını artırarkən Tehranla dolayı nüvə danışıqlarını ciddi şəkildə nəzərdən keçirir. 

 

Məsələ ilə bağlı politoloq Vaqif Hüseyn "İnformator.az"a müsahibəsində ABŞ-nin keçmiş prezidenti Donald Trampın beynəlxalq diplomatiya sahəsindəki yanaşmalarını şərh edib. Politoloqun sözlərinə görə, Trampın dövlətlərarası danışıqlarda biznes dünyasından gəldiyi yanaşmaları hələ də uğur qazana bilməyib:

 

"Tramp, ABŞ-nin rəsmi sənədlərində strateji düşmən olaraq göstərilən dövlətlərlə ilk dialoq apardığı halda, bu, onun daha əvvəl Şimali Koreya ilə apardığı danışıqlardan fərqlənmir. Tramp biznes sahəsindən gələn bir şəxs olaraq, dövlətlərarası münasibətlərdə də eyni yanaşmanı tətbiq etməyə çalışır. Biznes dünyasında belə bir yanaşma var ki, əgər bir məsələni həll etmək mümkündürsə, o zaman onu öz başına, birbaşa həll etməyə üstünlük verirlər. Tramp da belə düşünür və bunu dövlətlərarası münasibətlərdə də tətbiq etməyə çalışır".

 

Müsahibin sözlərinə görə, Trampın Şimali Koreya ilə apardığı danışıqlarda ciddi bir irəliləyiş əldə olunmayıb, çünki Şimali Koreya hələ də öz nüvə proqramından əl çəkməyib. Eyni zamanda, Trampın İranla imzaladığı nüvə razılaşmasından sonra Amerika Birləşmiş Ştatlarının razılaşmadan imtina etməsi də müsbət nəticə verməyib:

 

"Trampın Rusiya ilə apardığı danışıqlar da o qədər məhsuldar olmayıb. Ukrayna məsələsi bu məsələnin bariz nümunəsidir. Trampın bu cür biznes-yanaşması dövlətlərarası diplomatiyada hələ də uğur qazanmayıb. Görünür, dövlət sistemi və biznes dünyası arasındakı fərqlər hələ də özünü göstərir".

 

Politoloqun  fikrincə, dövlət başçıları ənənəvi olaraq, danışıqların son mərhələsində iştirak edirlər, lakin Tramp birbaşa ilkin mərhələlərdə bu prosesi öz üzərinə götürməyə çalışır. Nəticələrin necə olacağı barədə isə hələlik heç bir ciddi nəticə əldə olunmadığını qeyd edən Vaqif Hüseyn, Trampın gələcəkdə İranla bağlı atacağı addımların da bəlli olmadığını söyləyib.

 

"Trampın bu yanaşması hələ də özünü doğrultmur. Onun Şimali Koreya və Rusiya ilə apardığı danışıqların nəticələri bunu sübut edir. Görək, gələcəkdə İranla bağlı necə bir nəticəyə gəlinəcək",- deyə politoloq əlavə edib.

 

Gülhüseynova Güllər