Qətər Mədəniyyət Günləri

Bölmə: Sosial › ,
Tarix: 21:12 11.04.2025

Qətər Mədəniyyət günlərinin təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan və Qətər mədəniyyət nazirləri və nazirlik nümayədələri ilə yanaşı, incəsənət xadimləri, media mənsubları və digər qonaqlar iştirak ediblər.

 

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova "informator.az"a açıqlamasında bildirib ki, öncə onu qeyd edək ki, Qətər Dövləti Azərbaycan Respublikasının Ərəb dünyasında ən yüksək səviyyədə inkişaf etmiş münasibətlərə malik ölkələrdəndir:


" Azərbaycan ilə Qətər arasında diplomatik münasibətlər 1994-cü ildə qurulub. 20 il sonra mədəni əməkdaşlığın hüquqi bazası yaradılıb. Belə ki, 30 noyabr 2004-cü il tarixində paytaxt Dohada “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Saziş”, 27 fevral 2017-ci il tarixində isə “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezident İlham Əliyev Ərəb dünyası ilə, o cümlədən Qətərlə əməkdaşlıq əlaqələrinin inkişafını diqqətdə saxlayır. Bu gün Azərbaycan ilə Qətər arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan səmimi dostluq münasibətləri zəminində özünün ən yaxşı mərhələsindədir. Ölkələrimiz həm ikitərəfli, həm ICESCO, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq siyasi platformalarda uğurla əməkdaşlıq edirlər. İki ölkənin qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi artıq ənənəyə çevrilib. 2024-cü ilin fevral ayında Qətərdə keçirilən növbəti Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin möhtəşəm təqdimatı ilə yadda qalıb. Bundan əlavə, ölkəmiz Qətərdə təşkil olunan beynəlxalq mədəniyyət layihələrində, o cümlədən əsası 1972-ci ildə qoyulmuş Doha Beynəlxalq Kitab Sərgisində xüsusi stendlə təmsil olunur. Qətər də Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdə, həmçinin regionumuzun ən böyük kitab bayramı olan Bakı Beynəlxalq Kitab Sərgisində ayrıca stendlə mütəmadi iştirak edir. Azərbaycan Milli Kitabxanası ilə Qətər Milli Kitabxanası ilə arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədə əsasən, hər iki kitabxana arasında nəşrlərin mübadiləsi həyata keçirilir. Şübhəsiz ki, mədəniyyət xalqlar arasında ən etibarlı körpüdür. Azərbaycan və Qətərin qarşılıqlı mədəniyyət günlərinin təşkil edilməsi iki ölkənin xalqlarının mədəni zənginliklərinin – musiqi, teatr, kino, kitabxana və nəşriyyat, təsviri sənət, toxuculuq, mətbəx mədəniyyəti və digər sahələrin kompleks şəkildə təbliğatına xidmət edir. Bu qəbildən tədbirlər eyni zamanda mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq üçün yeni perspektivlər açır".

 

Gələcəkdə Azərbaycan-Qətər mədəni əməkdaşlığının genişləndirilməsi ilə bağlı hansı yeni layihələr planlaşdırılır?

 

"Azərbaycan-Qətər mədəni əməkdaşlığının yaxşı perspektivləri var. Tarixi-mədəni irsin qorunması və təbliği, kitab və nəşriyyat işi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanlar mövcuddur. Bundan əlavə, UNESCO və ICESCO kimi beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin əməkdaşlığının bundan sonra da davam etdirilməsi mədəni əlaqələri daha da dərinləşdirəcək".

 

Billurə Quliyeva