Musiqi terapiyası-sakitliyin və rahatlığın açarı

Tarix: 21:27 11.04.2025
Musiqi terapiyası insanların psixoloji rahatlığında mühüm rol oynayır.
Musiqi insanın emosional və psixoloji vəziyyətinə dərindən təsir edən bir vasitədir. Çox zaman bir melodiyanın və ya ritmin insanın ruh halını dəyişdirməyə, onu sakitləşdirməyə və ya canlandırmağa gücü çatır. Musiqi fərdlərin daxili dünyalarını kəşf etmələrinə və öz hisslərini ifadə etmələrinə imkan yaradır. Bir çox psixoloq və mütəxəssis musiqinin psixologiya ilə əlaqəsini araşdıraraq onun terapiya məqsədilə istifadəsinin faydalarını vurğulayır.
Bu barədə “Ahəng” Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova “İnformator.az” saytına bildirib ki, terapiya növləri içərisində musiqi terapiyası art-terapiyanın bir qoludur:
“Daha çox musiqi terapiyası ilə yaşlılar və uşaqlarla məşğul olurlar. Bu terapiya həm meditasiya formasında ola bilər, həm də musiqini dinləyərək ona uyğun hisslərimizi ifadə edirik. Bəzən musiqi dinlədikdən sonra şəkil çəkməli oluruq, bəzən isə hansısa hekayələri yazmaq mümkündür. Musiqi insan beynində sakitləşdirici effekt yaradır, beyin rahatlaşır və insan özünü daha yaxşı hiss edir. Həmçinin hər gün axşam bu terapiya ilə məşğul olmaq insanın gecəsini daha rahat edir, səhərlər isə daha gümrah oyanmağımıza kömək edir”.
Camal Şükürov