Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Bölmə: Siyasət › ,
Tarix: 23:27 15.04.2025

Donald Tramp, Co Baydenin 2021-ci ildə imzaladığı və Rusiyaya qarşı tətbiq olunan 14024 saylı sanksiyalar paketinin müddətini daha bir il uzatmaq barədə sərəncam imzalayıb.Rusiya tərəfi isə bu sanksiyaları qeyri-qanuni hesab edir. Trampın Rusiyaya qarşı sanksiyaları uzatması hansı siyasi məqsədlərə xidmət edir?

 

Mövzu ilə bağlı politoloq Tural İsmayılov “İnformator.az” saytına açıqlamasında bildirib ki, bu, münasibətlərdə hansısa radikal, ayırıcı xəttlər formalaşdırmayacaq:

 

“Əslində biz bilirik ki, hazırda, xüsusilə Rusiya–Ukrayna müharibəsinə yanaşmada ABŞ ilə Rusiya arasında o qədər də konseptual fərqlər mövcud deyil. Və təbii ki, bu yanaşmada fərqlərin çox dərin və kəskin olmaması Rusiya ilə ABŞ arasındakı ünsiyyət və eyni zamanda qarşılıqlı siyasi dialoq imkanlarını yaxşı səviyyəyə çatdırmaq imkanları yaradır.

Xüsusilə Omanda, Maskatda keçirilən görüşlər və eyni zamanda Səudiyyədə keçirilən görüşlər, həm Rusiya dövlət rəhbərliyi, həm də eyni zamanda Tramp administrasiyasının ABŞ-Rusiya münasibətləri haqqında pozitiv fikirləri, ən azından Trampın hakimiyyəti dövründə Amerika-Rusiya münasibətlərində pozitiv xəttlərin çox olacağını söyləməyə əsas verir. Unutmamalıyıq ki, Trampın birinci prezidentliyi dövründə də ABŞ-nin Rusiya ilə münasibətlərində xeyli irəliləyişlər əldə edilmişdir. Amma indi Rusiya da fərqindədir ki, Tramp müəyyən məqamlarda vahid Qərb sisteminə qarşı çıxsa da, eyni zamanda Amerikanın birdən-birə inqilabi şəkildə vahid Qərb siyasi sisteminə ayrı düşməsi və konfrontasiyanın dərinləşdirməsi mümkünsüzdür. Xüsusilə Ukraynaya dəstək mövzusunda Avropa İttifaqı ilə Amerika arasında ziddiyyətlərin yaranması və siyasi münasibətlər sisteminin korlanması fonunda

Trampın Rusiyaya qarşı kiçik sanksiyaları uzatma qərarı, mən hesab edirəm ki, Rusiya da bunu anlayır və bu, münasibətlərdə hansısa radikal, ayırıcı xəttlər formalaşdırmayacaq”,- deyə politoloq vurğulayıb.

 

Rusiya bu sanksiyaları niyə qeyri-qanuni adlandırır?

 

“Hər bir halda, təbii ki, Rusiya da bu sanksiyaları dəstəkləyəcək deyil, mən bunu daha çox diplomatik jarqon hesab edirəm. Diplomatik jarqonun bir qaydası olaraq, Rusiya Trampın sanksiyaları uzatmaq qərarını qeyri-qanuni adlandırır. Hər halda sanksiyaların uzadılması Amerika ilə Rusiya arasında dialoq imkanlarını minimuma endirməyəcək deyə düşünürəm”,- deyə politoloq bildirib.

 

Səyyarə Mirzəyeva