Tramp-Bu müharibə mənasızdır, qarşısını ala bilərdim

Bölmə: Siyasət › ,
Tarix: 23:44 15.04.2025

Tramp deyib ki, müharibə mənasızdır, minlərlə insan ölür. Əgər o prezident olsaydı, bu müharibə olmazdı.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp bilir ki, müharibənin dayandırılması heç də asan olmayacaq:

 

“Tramp prezident seçkiləri ərəfəsində də tez-tez səsləndirirdi ki, o prezident olsaydı, Rusiya ilə Ukrayna arasında müharibə başlamazdı və həm də səsləndirirdi ki, qısa zaman kəsiyində müharibəni dayandıracaqdı. Həqiqətən də artıq yanvar ayının 20-si Trump ABŞ prezidenti kimi rəsmi fəaliyyətə başladıqdan qısa zaman keçmiş məsələnin həlli ilə məşğul olmağa başladı. İlk olaraq Rusiya prezidenti Vladimir Putinlə saat yarım davam edən telefon danışığı həyata keçirdi. Bunun ardınca Ukrayna prezidenti Zelenski ilə telefonda danışdı. 

Ər-Riyadda Rusiya nümayəndələri ilə ABŞ nümayəndələri arasında artıq müzakirələr başladı. Tramp birincisi verdiyi sözə əməl etmək istəyir. Müharibənin dayandırılması üçün əlindən gələni edir,etməyə çalışır. Amma çox yaxşı bilir ki, müharibənin dayandırılması heç də asan olmayacaq. Tramp Zelenskiyə nə isə diktə edə bilər, amma Rusiyaya nə isə diktə edə bilməz. Faktiki olaraq Amerika başda olmaqla Qərb koalisiyası Ukrayna cəbhəsində Rusiya ilə döyüşdü və bugünkü nəticələr onu göstərir ki, Rusiya üstün mövqedə dayanmaqdadır.

Belə olan halda Tramp həqiqəti dilə gətirir və deyir ki, bu müharibənin davam etməsi mənasızdır. Saysız, hesabsız insanlar həlak olur. Bu həm də onu göstərir ki, bundan sonra bu müharibəni Qərbin gözlədiyi nəticələrə çatacaq bir vasitə hesab etmirlər. Çünki gözlənilirdi ki, burada hansısa üstünlük əldə olunacaq, amma bu baş vermədi. Ona görə də Tramp bu müharibənin bundan sonra davam etdirilməsini mənasız bilir, bu nöqtədə müharibəni dayandırmaq istəyir. Trampın nümayəndəsi artıq etiraf edir ki, Ukraynanı bölümək lazım gələcək, bunu Trampın rəsmi nümayəndəsi etiraf edir. Hətta bunu Berlinlə müqayisə edir, vaxtilə o formada belə etmək lazım olar deyir. Bundan öncə də NATO-nun baş katibi Rutte də bildirmişdir ki, Ukraynanın əvvəlki sərhədlərdə ərazi bütövlüyünü təmin etmək mümkün olmayacaq”,- deyə politoloq bildirib.

 

Rusiya bu çağırışa necə cavab verə bilər?

 

“Görünür, Qərb rəsmiləri – ABŞ prezidentinin rəsmi nümayəndəsi də daxil olmaqla – o faktla barışırlar ki, Rusiya nəzarətində saxladığı torpaqlardan geri çəkilməyəcəkdir. Bu reallıq fonunda məsələni həll etmək, müharibəni dayandırmaq istəyirlər. Lakin Rusiya tərəfi də indiki reallıqlar saxlanılmaq şərti ilə müharibənin birdəfəlik dayandırmaq istəyir. Bu isə mürəkkəb bir proses ola bilər.

Bu baxımdan hesab edirəm ki, Tramp elə təkliflə çıxış edəcək ki, həm özünün maraqları təmin olunsun, həm də müharibəni dayandırmaq mümkün olsun. Bu da o deməkdir ki, Rusiyanın da maraqları təmin olunmalıdır. Yəni ABŞ Ukraynanın mövqeyini nəzərə almayacaq. Hesab edirəm ki Ukrayna, ABŞ-nin təkliflərinə uyğun davranacaqdır.

Donald Trampın əsas istəkləri nədən ibarətdir? O istəyir ki, Ukraynaya ABŞ-nin verdiyi vəsaitlər artıqlaması ilə geri qaytarılsın. Əgər Rusiya enerji daşıyıcıları Avropa enerji bazarına əvvəlki miqyasda daxil olacaqsa, bu, ABŞ-nin nəzarəti altında olsun.

Ümumiyyətlə, ABŞ özünün siyasi, hərbi və iqtisadi nəzarət imkanlarını Avropa İttifaqı üzərində daha da genişləndirmiş olsun. Yəni ABŞ maksimum bu prosesdən uduşlu çıxmaq istəyir və belə olan halda Tramp çox aydın başa düşür ki, Rusiyanın da maraqlarını təmin etmək vacib olacaqdır. Bu baxımdan hesab edirəm ki, burada uduzan tərəf Avropa İttifaqı və Ukrayna olacaqdır. Rusiya ilə ABŞ məsələləri öz aralarında artıq dinamik həll etməkdədirlər və təkcə siyasi münasibətlərini deyil, həm də iqtisadi, ticari münasibətlərini də qaydasına qoymaq istəyirlər”,- deyə politoloq vurğulayıb.

 

Səyyarə Mirzəyeva