ABŞ İranın nüvə silahına sahib olmasından niyə narahatdır?

Tarix: 00:13 16.04.2025
Tramp, İranın nüvə silahına sahib olmasına qarşı çıxaraq,Tehranın nüvə silahı əldə etməsinə icazə verilməyəcəyini bildirib.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov “İnformator.az” saytına açıqlamasında bildirib ki, ABŞ-nin hazırkı məqsədi budur ki, İran nüvə silahına sahib olmasın:
“Hazırda İranın nüvə proqramı məsələsi ABŞ-nin gündəliyində önəmli yerlərdən birini tutmaqdadır. Şənbə günü Omanda İran və ABŞ arasında danışıqlar baş tutub. Bu danışıqlardan sonra Donald Tramp bir daha bildirdi ki, İran nüvə proqramı silahına sahib olmamalıdır. Xatırlatmaq lazımdır ki, 2015-ci ildə İran ilə ABŞ və Avropa dövlətləri arasında P5+1 razılaşması imzalanmışdı. Daha sonra Donald Trampın dövründə ABŞ bu razılaşmadan çıxdı. ABŞ-nin razılaşmadan çıxmasından sonra İran nüvə proqramını xeyli zənginləşdirdi. Hətta bəzi ehtimallara görə, İran uranın zənginləşdirməsini 80%-ə çatdırmışdır. Artıq 90%-lik xətt o deməkdir ki, həmin ölkə rezervində olan zənginləşdirilmiş urandan nüvə silahı üçün istifadə edə bilər. ABŞ-nin hazırkı məqsədi budur ki, İran uranın %90 zənginləşdirilməsini həyata keçirməsin , yəni nüvə silahına sahib olmasın. Nəyə görə? Çünki birincisi, nüvə silahı istənilən dövlətin gücünü kifayət qədər artırmaqla bərabər, onu regionda və qlobal miqyasda ciddi çəki sahibinə çevirmək potensialına malikdir.
Dünyada cəmi 9 nüvə dövləti mövcuddur — 5-i rəsmi, 4-ü isə qeyri-rəsmi. İran da onların arasına daxil olaraq 10-cu nüvə dövləti olacaqdır. Belə olduğu halda, bu dövlət artıq regional siyasətində daha ambisiyalı, daha aqressiv siyasət yürüdə bilər. Çünki biz bilirik ki, nüvə silahının ən əsas tövhələrindən biri onun çəkindirici funksiyasıdır. Nüvə silahına malik olan ölkəyə digər ölkələr ona hücum etmək, onu hədəfə almağa çəkinəcəklər.
İkincisi ABŞ İsrail təhlükəsinə görə narahatdır. Donald Tramp İsraillə yaxın münasibətlərə malik olan bir prezidentdir. Mən əminəm ki, İsrail lobbisinin, İsrail dövlətinin Donald Trampın siyasətinə müəyyən qədər təsiri vardır”,- deyə Zahidov vurğulayıb.
İran nüvə silahı əldə etsə, regionda hansı dəyişikliklər baş verə bilər?
“Yaxın və Orta Şərqdə nüvə silahına qeyri-rəsmi malik dövlət İsraildir. İranın da nüvə silahına malik olması, onu da İsraillə bərabər regiondakı nüvə güclərindən biri edəcəkdir. Belə olan halda, İsrailin İrana qarşı həmlələri, manevr etmək imkanları daralmış olacaq. İranın özünə arxayınlığı fonunda daha aqressiv siyasət yürütməsi ehtimalı mümkündür. Çünki İran çox gözəl başa düşür ki, nüvə silahına malik olduğuna görə, ABŞ və İsrail ona qarşı tədbirlər həyata keçirməkdə daha ehtiyatlı davranmalı olacaqlar”,- deyə politoloq qeyd edib.
Səyyarə Mirzəyeva