Mirzoyan-Biz sülh və sabitliyə heç vaxt bu qədər yaxın olmamışıq

Tarix: 00:35 16.04.2025
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan: “Bəlkə də indi uyğun vaxt deyil, bəlkə də heç vaxt olmayacaq, amma indiki vəziyyətimizi vicdanla qiymətləndirsək, deyə bilərik ki, biz sülh və sabitliyə heç vaxt bu qədər yaxın olmamışıq".
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az” saytına açıqlamasında bildirib ki, Ermənistanın sağlam sülh niyyəti yox səviyyəsindədir:
Bu sözlər real sülh niyyətindən xəbər verir, yoxsa siyasi manevrdir?
“Ermənistanın sağlam sülh niyyəti yox səviyyəsindədir, çünki Ermənistan daim bu sözləri təkrarlayır. Müxtəlif səviyyələrdə,böyük tribunalarda bunların hamısı səslənir. Mirzoyan da, Paşinyan da, Alen Simonyan da digərləri də. Sadə həyat qanunu var deyir, sözlərdənsə daha çox adımlara, hərəkətlərə fikir vermək lazımdır. Biz görürük ki, əslində, Ermənistan silahlanır, sonra bu prosesdə hətta çox böyük bir coşqu nümayiş etdirir ki, Fransa, Hindistan, Yunanistan, digər ölkələr bizim tərəfimizdədir və s. Ermənistana elə gəlir ki, onlara verilən dəstək Ermənistan üçün kifayət edəcək ki, o, Azərbaycanla növbəti qarşıdurmada qələbə çalsın. Amma bu çox yanlış xülyadan ibarət bir fikirdir. Azərbaycan dərhal müharibədən sonra ona kömək təklif etdi. Bir ideya kimi inteqrasiya sxemlərindən qatılmağı irəli sürdü . Ermənistan çox düşündü və bəllidir ki, ikinci xətdə o daha çox qərb növbələrinin təsirlərinə diqqət yetdirir. Sonradan açıq-aşkar göstərdi ki, onun sülh niyyətləri sadəcə bir mifdir. Ermənistana silah-sursat verən, onu qızışdırıb ortaya atan qüvvələrin, Ermənistana daha çox təsiri var. O cümlədən də erməni elitası, siyasi hakim dairələri, onlar bu prosesdə yenə də xalqın gözləntilərini cavablandırmırlar. Söhbət bizdən getmir, öz xalqlarından gedir. Əlbəttə ki, Azərbaycan heç vaxt bu mesajlara inanmayıb. Biz, ümumiyyətlə, pragmatizm və rasional yanaşmanı özümüz üçün ən vacib və əvəzedilməz silah kimi müəyyən etmişik. Bu istiqamətlərin hamısında da bizim özümüzün tutarlı yanaşmamız, sözümüz və hətta cavab addımlarımız da var. 2023-cü ilin sentyabrın 20-sinə qədər Ermənistan silahlı qüvvələrinin qalıq hissəsi 10 minə yaxın yaraqlısı, terroristi, bandit qurubu Qarabağın ərazisində idi. Azərbaycan çox təkliflər verdi, hətta danışıqlara biz meydan verdik. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi bu danışıqlarla bağlı Qarabağ bölgəsində görüşlər keçirdi. Biz gördük ki, separatistlər və onların arxasında duran havadarlar həqiqətən də nəcib niyyətlərimizi özləri üçün təhdid olaraq görürdülər. Buna görə də rədd cavabı verdilər. Sonda bu nə ilə nəticələndi? Bir neçə mina partladı, Azerbaycan polisləri dünyasını dəyişdi. Prezidentin başqa bir əlacı yox idi. O artıq antiterror tədbirlərinə yaşıl işıq yandırdı.
Biz sözümüzü dedik. Bu, bütün ermənilər üçün dərs olmalıdır. Onlar anlamalıdırlar ki, bizimlə artıq silah dili ilə, güc dili ilə, təhdid dili ilə danışmağın yeri yoxdur. Onsuz da Azərbaycanda onların bu oyunbazlığı fiaskoya uğradı. Çünki ermənilər çalışırdılar bütüm dünyanı inandırsınlar ki, guya 30-40 min erməni Azərbaycana meydan oxuyur, guya tanınmamış Erməni Qarabağ respublikasının özünü müdafiə ordusu var- bunların hamısı miflər, yalanlar idi. Biz bunların hamısını darmadağın etdik. Onlar bu hadisələrdən nəticə çıxarmalıdırlar. Əgər növbəti dəfə onların Azerbaycanı zəiflətmək cəhdi olacaqsa, bu işlək mexanizm olmayacaq. Əksinə biz onların olan qalan potensialını da vurub dağıdacağıq. Burada günah bizdə yox, Ermənistandadır və onları himayə edən dairələrdədir. Biz həm rəsmi şəraitdə, həm qeyri-formal, həm ictimai səviyyədə bir daha bildirdik ki, bu münaqişənin hələ də sonluğu görünmür. Bunun səbəbkarı ermənilər və onları aldadıb öz arxasınca aparan imperiya qüvvələrinin oyunbazlığıdır. Biz bunların qarşısında heç vaxt təslim olmayacağıq. İstənilən məqamda Ermənistanın cavabını verəcəyik. Nə qədər Fransa ona silah-sursat verirsə, versin. İstər Hindistan istərsə də başqa dövlətlər”,- deyə politoloq bildirib.
Bu açıqlama fonunda yaxın aylarda nələri gözləmək olar?
“Mən yeni toqquşmaların ola biləcəyini düşünürəm. Xüsusilə ermənilər sərhəd bölgəsində atəşkəsi, sakitliyi pozurlar. Çalışırlar, elə işlər görsünlər ki, Azərbaycan üçün problemli vəziyyət yaratsınlar.
Amma burada paradoks ondadır ki, əslində problemli vəziyyətdə olan Ermənistanın özüdür. Bu vəziyyətdə zəif bənd Ermənistanın özüdür. Necə olur ki, siz belə işlərdə başınızı itirib, yanlış yola qədəm qoyursunuz. Bu proseslərin hamısında biz duruş gətirmişik və gətirəcəyik də. Prezident İlham Əliyev Şuşadan, Xankəndidən onlara mesaj ötürdü ki, oyunbazlıqlara qatılmasınlar, qırmızı xətləri keçməsinlər. Keçsələr, özləri peşman olacaqlar. Mən onu gözləyirəm ki, onlar başqalarının fitvasına uyaraq hər hansı düşünülməmiş addımı atacaqlar, nəticədə çanaq öz başlarında sınacaq”,- deyə politoloq vurğulayıb.
Səyyarə Mirzəyeva