Azərbaycan futzal millisi Avropa çempionatında

Bölmə: İdman › ,
Tarix: 18:10 16.04.2025

"Əsas odur ki, millimizdə yer alan gənclər özlərini bu cür matçlarda sınamaq fürsəti qazanırlar".

 


Bu sözləri Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov "İnformator.az"a açıqlamasında deyib.

 


O qeyd edib ki, bu oyun Avropa çempionatının seçmə mərhələsindəki son oyun idi:

 

"Son oyunda qrupun "Favorit" komandasına qarşı mübarizə apardıq. Xorvatiya millisi UEFA reytinq cədvəlində 6-ci pillədə yer alıb. Onlar Bakıya gələnə qədər keçirdikləri 5 oyundan maksimum xal toplamaqla həm də Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdilər. Bizim də qrupdan çıxmaq şansımız yox idi. Hər iki komanda üçün xal baxımından əhəmiyyət daşımasa da, reytinq xalları və bizim üçün təcrübə baxımından maraqlı matç idi. Üstünlük gözlənildiyi kimi rəqibdə oldu, qələbələri də reallığı nəzərə alsaq, gözlənilən idi. Futzalçılarımız çəkinmədi, sona qədər mübarizə apardı, xüsusilə də ikinci hissədə fəallıqlarını sona qədər davam etdirdilər".

 


Müsahibimizin sözlərinə görə, sırf yerli futzalçılardan və gənclərin də yer aldığı millimiz üçün təcrübə qazanmaq və özünəinam baxımından yaxşı oyun oldu:

 

"Futzal millisi son 1 ildə yenidən qurulub və söhbət heyətdən gedir. Demək olar, bütün oyunçular yerli çempionatımızda çıxış edir. Fiziki baxımdan axsadıq və bunu əzmkarlıq hesabına sığortalamaga çalışdıq. Bu oyunlar baş məşqçi Vitali Borisov üçün də çalışdırıcı kimi bir sınaq oldu. Gələcəklə bağlı indidən nəsə demək tezdir. Baş məşqçi ilə federasiya rəhbərliyinin görüşü olacaq, hesabatı dinləniləcək və ona uyğun qərar veriləcək".

 

Zəhra Möhübbətova