Zelenski: "Krım bizim ərazimizdir"

Tarix: 22:00 23.04.2025
“Ukrayna Rusiyanın Krımı işğal etməsini hüquqi cəhətdən tanımır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya–Ukrayna münaqişəsi dünyanın iqtisadi-siyasi sisteminə köklü şəkildə təsir edib:
“Bu münaqişə bir nəticədir. Hər bir tərəf öz maraqlarına uyğun mövqe nümayiş etdirir. Hadisəyə birmənalı qiymət vermək çətindir, çünki bu münaqişəni doğuran səbəblər var. 2014-cü ildə Ukraynanın suverenliyini Birləşmiş Ştatlar pozdu. “Rəngli inqilab” adı altında Ukraynada dövlət çevrilişi baş verdi. Hətta 2015-ci il fevralın 2-də Barak Obama CNN kanalına verdiyi bir müsahibəsində açıq şəkildə qeyd etdi ki, Ukraynada hakimiyyəti biz devirdik. Hakimiyyətə gətirilən bütün qüvvələr Rusiya əleyhinə istifadə olundu. Ukraynada baş verən hadisələr bir alət idi. Birləşmiş Ştatlar və NATO bloku Ukraynanı Rusiya əleyhinə istifadə etdi. Nəticədə Rusiya-Ukrayna münaqişəsi başladı və pik həddə çatdı. Bu gün Ukrayna ərazisində əslində NATO–Rusiya savaşı gedir. Bu savaşda Ukrayna ərazi bütövlüyünü itirir və milyona yaxın insan həlak olur.
NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi birbaşa Rusiyaya təhdid yaradır. Əgər Krım Birləşmiş Ştatların nəzarətinə keçsəydi, Rusiyanın Qara dəniz donanması mövcudluğunu itirə bilərdi. Krımda yaşayan Ukrayna vətəndaşları Rusiyanın qanunlarına tabe olurlar, çünki orada Rusiya qanunları qüvvədədir. Hazırda Rusiya Ukraynanın 20-25 faizinə nəzarət edir.
Qeyd edim ki, beynəlxalq təşkilatlar Ukrayna dövlətini reallıqla barışmağa təhrik edirlər. Biz bunu Tramp və Zelenskinin Ağ Evdəki görüşündə də gördük. Artıq beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Ştatlar Zelenskiyə təzyiq göstərir ki, Rusiyanın tələblərini qəbul etsin. Dünya siyasəti beynəlxalq hüquqla deyil, siyasi reallıqlarla tənzimlənir. Ukraynanın nə hərbi, nə siyasi, nə də iqtisadi gücü Rusiyanın nəzarətində olan əraziləri geri almağa imkan verir. Ukraynanı bu vəziyyətə salan Qərb dairələridir. Məsələnin diplomatik yolla həlli real görünmür. Çünki münaqişəni doğuran səbəblərə qiymət verilməlidir. Problemin kökü NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsindədir. Bu problemin həlli üçün yeni siyasi situasiya yaradılmalıdır. Lakin Zelenski buna nail olmaq iqtidarında deyil".
Politoloqun sözlərinə görə, Rusiya tərəfinin mövqeyi münaqişənin ilk günündən bəri açıqdır:
"Tarixdən bir misal çəkmək istərdim: 1963-cü ildə SSRİ və Birləşmiş Ştatlar arasında bir qarşıdurma olub. SSRİ öz strateji silahlarını Kubaya yerləşdirmək istəyirdi. Birləşmiş Ştatların rəhbərliyi bu addıma qarşı kəskin reaksiya verdi, çünki bu, onlar üçün birbaşa təhlükə idi. Müharibənin başlanması bir anlıq məsələ idi. SSRİ rəhbəri Xruşşov ağıllı qərar verərək geri çəkildi. ABŞ özünü müdafiə məqsədilə SSRİ-nin bu addımına qarşı sərt mövqe sərgilədi.
Tramp isə bu yaxınlarda açıq şəkildə bildirdi ki, “Rusiya- Ukrayna müharibəsi mənim yox, Baydenin müharibəsidir. Dünyada yaranan bu xaosu Bayden yaradıb”. Əgər münaqişə baş verməsəydi, Ukrayna NATO blokuna daxil olacaqdı ki, bu da Rusiya üçün daha təhlükəli olardı”.
Çimnaz Telmanqızı