"Kaya Kallasın səfəri yeni əməkdaşlığa töhfə verə bilər"-ŞƏRH

Tarix: 22:14 23.04.2025
Aprelin 25-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək.
Bu haqda Aİ-nin rəsmi saytında məlumat paylaşılıb.
Kallas Prezident İlham Əliyevlə görüşəcək.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 25 aprel 2025-ci ildə Azərbaycana səfər edəcək:
“Bu səfər bir çox istiqamətlərdə, eləcə də yeni əməkdaşlıq sahələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, iqtisadiyyat və yaşıl texnologiyalar sahəsində mövcud əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verə bilər. Xüsusilə də Aİ-nin enerji siyasətindəki dəyişikliklər və Azərbaycanın təbii qaz ixracatının artırılması məsələlərinin müzakirə olunacaq. Həmçinin Ermənistan ilə davam edən sülh danışıqları kontekstində regional proseslər, delimitasiya, demarkasiya məsələsi və kommunikasiya xətlərinin bərpa edilməsi ilə bağlı aparılan müzakirələrin də gündəliyə daxil edilən mühüm məsələlər sırasında olacaq".
Politoloq qeyd edib ki, bu səfərin ümumilikdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə müsbət təsiri istisna edilmir:
"Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, enerji, iqtisadi əməkdaşlıq və yaşıl texnologiyalar sahəsində münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Nəticə etibarilə, Kaya Kallasın planlaşdırılan səfəri Azərbaycan ilə Aİ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün mühüm nəticələri özündə ehtiva edəcək".
Nuray Əliyeva