Gürcüstan Prezidenti bu gün Ermənistana rəsmi səfərə gedəcək

Bölmə: Siyasət › ,
Tarix: 16:31 28.04.2025

Gürcüstan Prezidenti Mixail Kavelaşvili bu gün İrəvana rəsmi səfər edəcək, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki,Gürcüstan Cənubi Qafqazda öncəliklə hansı ölkəyə daha çox önəm verdiyini günlər öncə göstərdi:

 

“Gürcüstan Cənubi Qafqazda öncəliklə hansı ölkəyə daha çox önəm verdiyini günlər öncə göstərdi. Yeni prezident ilk səfərini Bakıya etdi və burada çox yüksək səviyyədə qəbul olundu. Əslində bu rəsmi səfər yaranan bir çox sualların cavabı idi. Bu baxımdan Mixail Kavelaşvilinin İrəvan səfərindən narahat olmağa dəyməz. Sözsüz ki, Ermənistan regionda təklənmək istəmir və Gürcüstana böyük ehtiyacı var. Mixail Kavelaşvilinin Bakıdan sonra İrəvana getməsi bu səfərdə mütləq Qarabağ məsələsində sülhün əldə edilməsi mövzusunun masa üzərində olacağını ehtimal etmək olar. Gürcüstan təbii ki, bu məsələdə özünün də rolunu qabartmağa çalışacaq ki, bu da bir müstəqil ölkə üçün normal bir haldır. Zəngəzur dəhlizi məsələsinin burada müzakirə olunması ehtimalları yüksəkdir. Bilirsiniz ki, əvvəllər Rusiya amilinə görə, Tiflis “3+3” formatında yer almaq istəmirdi. Amma indi belə bir problem görünmür. İran Zəngəzur dəhlizi məsələsində israrlı görünürdü və o da İran prezidentin Bakıya gəlişində verdiyi mesajlardan göründü ki, Tehran da artıq dəhlizdə yer almağa razılıq verəcək. Bütün bu məsələlərin İrəvanda müzakirə ediləcəyi gözləniləndir. Gürcüstan Cənubi Qafqazda münaqişədə Ermənistanla Azərbaycan arasında vasitəçi olmaq istər. Amma unutmayaq ki, burada başqa böyük güclər də var. Onun üçün də Gürcüstan prezidenti sadəcə Bakıdan İrəvana müəyyən mesajlar apara bilər və orada bu istiqamətdə bəzi müzakirələrin gedəcəyi istisna olunmur. Bütün hallarda bu səfərə normal baxmaq lazımdır və burada Bakının əleyhinə hər hansı bir müzakirələrin gedəcəyi gözlənilmir. Sadəcə yeni prezident region ölkələrinə tanışlıq xarakterli səfərlərini həyata keçirməkdədir”.

 

Qəmər Kazımzadə