Azərbaycan-Ermənistan Münasibətləri: Danışıqlar Fonunda Baş verən Gərginliklər

Bölmə: Siyasət › ,
Tarix: 18:47 15.05.2025

Son dövrlərdə Cənubi Qafqazda baş verən hadisələr bir daha göstərir ki, bölgədə sülh və sabitlik tam bərqərar olunmayıb. Hər nə qədər Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etsə də, Ermənistanın atdığı bəzi addımlar bu prosesi ləngidir. Sərhəd xəttində təxribat xarakterli atəşlər, hərbi texnikanın cəmləşdirilməsi, daxildəki revanşist çağırışlar və bəzi erməni siyasətçilərinin sərt çıxışları bölgədə narahatlığı artırır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Rizvan Hüseynov bildirib ki, əsas məqsəd, iki ölkənin yaxınlaşdığı dövrdə əngəllər törətməkdir:


“44 günlük müharibədən sonra Fransa və ABŞ-də hakimiyyətdə olan demokratlar əllərindən gələni edirdilər ki, Azərbaycan və Ermənistan arasında yeni əngəllər olsun. Şərti sərhəddə olan atışmaların səbəbləri də bunlar idi. Amma son zamanlar bu işin arxasında əsasən Rusiya dayanır. Azərbaycan-Rusiya münasibətlərində soyuqluq var. Yenidən Rusiya əlaltı olan Erməni siyasətçiləri ilə vəziyyəti gərginləşdirir. İstər keşiş Baqrat, istər Robert Koçaryan və onun dəstəsi kimi Rusiyaya sadiq qüvvələrdən istifadə edərək Erməni cəmiyyətində gərginlik yaradılır. Guya, Azərbaycanın Ermənistana qarşı müharibəyə hazırlaşdığı kimi iddialar irəli sürülür. Əsasən, Zəngəzur istiqamətində bu iddialar vardır. Əsas məqsəd, iki ölkənin yaxınlaşdığı dövrdə əngəllər törətməkdir. Yəqin ki, Erməni cəmiyyəti də bunu anlayır və hakimiyyətdə əlindən gələni edir ki, bu ssenari reallaşmasın.”


Günel Verdiyeva