Rusiya-Ukrayna Müharibəsinin Cənubi Qafqaza Təsiri-ŞƏRH

Tarix: 11:11 23.05.2025
Rusiya-Ukrayna müharibəsi təkcə Avropa üçün deyil, eyni zamanda digər regionlar, xüsusilə də Cənubi Qafqaz üçün ciddi geosiyasi nəticələr doğurub. Münaqişə regionda mövcud balanslara təsir göstərib. Həmçinin yeni siyasi və diplomatik meyillərin yaranmasına zəmin yaradıb.
Siyasi şərhçi Kənan Novruzov "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqazda ənənəvi destruktiv meyillərin azalmasına səbəb olub. Bu proses bir növ regionda sabitliyə təkan verib:
“Rusiya həm Azərbaycana, həm də Ermənistana təsir göstərməyə çalışır. Lakin müharibə şəraiti bu təsiri müəyyən mənada zəiflədib. Rusiya öz diqqətini Ukrayna cəbhəsinə yönəltdiyindən, Cənubi Qafqazda əvvəlki fəallığını itirib. Bu isə region ölkələrinə daha sərbəst qərarlar vermək imkanı yaradıb. Davam edən müharibə həm Azərbaycan, həm də Ermənistan üçün müxtəlif prizmadan baxıldıqda, müəyyən strateji üstünlüklər yaradır".
Kənan Novruzov əlavə edir ki, müharibənin uzanmasında maraqlı olan beynəlxalq güclər var:
“Bu güclərdən biri Avropadır. Avropa üçün Rusiya ilə müharibənin uzanması, Rusiyanın zəifləməsi və diqqətinin yayındırılması baxımından faydalıdır. Eyni zamanda, Ermənistan da bu vəziyyətdən bəzi imkanlar əldə etməyə çalışır və müharibənin davam etməsində dolayı maraq göstərir".
Azərbaycana gəlincə, siyasi şərhçi vurğulayır ki, ölkənin xarici siyasət kursu müstəqil şəkildə formalaşdırılır:
“Azərbaycan bu tip qlobal proseslərə diqqətlə yanaşır. Şübhəsiz ki, beynəlxalq arenada baş verən hadisələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi hər bir ölkənin, o cümlədən Azərbaycanın xarici siyasət baxışlarına müəyyən təsir göstərir. Amma bu təsirlər qətiyyən həlledici deyil. Azərbaycan öz maraqları çərçivəsində rasional qərarlar verir və diplomatik mövqeyini qoruyub saxlayır".
Səma Pənahova