ABŞ Rusiyaya qarşı sanksiyaları nəzərdən keçirir

Tarix: 21:42 29.05.2025
Amerika Birləşmiş Ştatlarının növbəti sanksiyaları ilə bağlı məlumatlar artıq verilib.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət "İnformator.az"a açıqlamasında bildirib ki, orada mümkün sanksiyaların nəyi ehtiva edəcəyi haqqında ilkin informasiyalar var. Bu informasiyalar arasında ən diqqət çəkəni Amerika Birləşmiş Ştatlarına importa tətbiq ediləcək:
"500 faizlik tariflərdir, yəni Rusiya ilə işbirliyi içində olan Rusiyanın bu müharibədəki fəaliyyətlərinə dəstək verən ölkələr öz mal və xidmətlərini ixrac edərkən ABŞ onlara 500 faizlik tarif tətbiq edəcək. Burada daha çox hədəfə alınan əlbəttə ki, Çindir. Çünki ştatlarında Çin malları geniş çapda satılır və əlbəttə ki, o 500 faizlik tarif tətbiq ediləcəyi təqdirdə çox ciddi zərər görə biləcəklər. Digər tərəfdən, Avropa Birliyi artıq bir müddət öncə Rusiyanın neftini qaçaq yollarla daşıyan gəmilərə sanksiyalar tətbiq etdi. Bunu ABŞ da bilir. Yəqin ki, ABŞ da onu etməli olacaq. Bütün bunların fövqündə bütün dünyanın gözlədiyi və daha effektiv bir sanksiya da var. Əlbəttə, o haqda heç nə deyilməyibsə də, ABŞ növbəti mərhələdə pul köçürmələrini, valyuta köçürmələrini əngəlləmək üçün sviftin bağlanmasına qərar verə bilər. Belə olarsa, Rusiya küncə sıxışdırılacaq".
O, həmçinin açıqlamasında bildirib ki, Tramp sülh danışıqlarından çəkilərsə, Birləşmiş Ştatlarının Kiyevə hərbi yardımları tam olaraq kəsəcəyini düşünmürəm:
"Çünki istər istəməz Rusiya yerinə oturdulmalıdır. Rusiyanın hazırda iki seçmi var. Birinci ABŞ ilə anlaşmaq, ikinci isə anlaşmadığı təqdirdə Amerika Birləşmiş Ştatlarının da yer aldığı qərb koalisiyasının Kiyevə yardımları qarşısında aciz qalmaq. Yəni o baxımdan mən düşünmürəm ki, Tramp danışıqlardan çəkiləcəyi təqdirdə ABŞ Kiyevə hərbi yardımları dayandıracaq. Üstəlik də ABŞ Konqresində bu məsələ müzakirə olunur və faktiki olaraq Trampı da məcbur edirlər ki, Kiyevə, Ukraynaya hərbi yardımlar davam etdirilsin və hətta artırılsın. O baxımdan belə deyə bilərik ki, danışıqlarda Amerika Birləşmiş Ştatları vasitəçilikdən çəkiləcəyi təqdirdə bu, Ukraynanın xeyrinə olacaq və Ukraynaya hərbi və digər yardımlar artırılacaq".
Ayşən Səlimova