ABŞ-də parkda baş verən silahlı hücumda 7 nəfər yaralanıb

Tarix: 22:29 29.05.2025
ABŞ-nin şimal-qərbində yerləşən Vaşinqton ştatında parkda baş verən silahlı hücum nəticəsində 3-ü ağır olmaqla 7 nəfərin yaralandığı bildirilib.
Ştat polisinin məlumatına görə, Vaşinqtonun Leykvud (Lakewood) şəhərində yerləşən Herri Todd Parkında baş verən silahlı hücum zamanı 7 nəfər güllə yarası alıb.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fox 13 Seattle telekanalının xəbərində bildirilir ki, yaralılar xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.
Leykvud polis serjantı Çarlz Porşe (Charles Porche) yerli KOMO-TV kanalına verdiyi açıqlamada, hadisə yerinə çatanda “çox təşvişli bir mənzərə” ilə qarşılaşdıqlarını bildirib.
Porşe hücum zamanı parkda 100-dən çox insanın olduğunu qeyd edib.
Silahlı hücumla bağlı istintaqın davam etdiyi bildirilir.
TRT Xəbər
Nuray Əliyeva