Rusiya və Ukrayna İstanbulda görüşəcəkmi?

Bölmə: Dünya › ,
Tarix: 22:42 29.05.2025

Rusiya ilə Ukrayna arasında ikinci tur danışıqlar üçün Türkiyə bir daha ön plana çıxıb. Rusiya Xarici İşlər naziri Sergey Lavrov, 2 iyun tarixində İstanbulda yeni bir danışıqlar turu keçirməyi təklif etdiklərini açıqlayıb. Lavrov eyni zamanda, danışıqlara ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkürünü bildirib.

 

Lavrovun sözlərinə görə, bu görüşmədə Rusiya atəşkəs və sülh sazişi layihəsini təqdim etməyə hazırdır. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski, təklifin Ukrayna müdafiə naziri Rustem Umerova çatdırıldığını və cavab gözlədiklərini bildirib.

Ukrayna tərəfi isə prinsipcə müsbət yanaşır, lakin əvvəlcədən müəyyən edilən sülh şərtləri çərçivəsində irəliləmək istəyir.

 

 

Bu arada ABŞ Prezidenti Donald Trump, müzakirələr davam edərkən sivil infrastrukturun hədəf alınmasını tənqid edib. Putinin hələ də savaşı bitirmək istədiyinə inanırsınızmı? - sualına isə “İki həftə ərzində görəcəyik” cavabını verib. Üçtərəfli zirvə ehtimalı ilə bağlı isə “Lazım olsa, keçirərik”- deyib.

 

Xatırladaq ki, 16 mayda İstanbulda baş tutan ilk tur görüşlərdə, tərəflər 2022-ci ildən bəri ilk dəfə üz-üzə gəlib və min əsirin qarşılıqlı azad olunması barədə razılaşıblar. Lakin atəşkəslə bağlı konkret irəliləyiş əldə olunmayıb.

 

 

2 iyunda keçiriləcək danışıqların, davamlı sülhə aparan yolda önəmli bir mərhələ ola biləcəyi gözlənilir. Bununla belə, Rusiyanın Ukraynanın neytral və nüvəsiz statusda qalması, eləcə də bəzi ərazilərdən imtina etməsi kimi tələbləri, danışıqların çətin keçəcəyinə işarə edir.

 

 

Haber Global

Nuray Əliyeva