Millət vəkilinin təklifi ilə Niğde Universitetində Qarabağ Mərkəzi yaradılacaq

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:18 03.03.2016

Millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Niğde  Universitetinin rektoru Adnan Görür  ilə görüşüblər. Millət vəkilini və təhsil müşavirini  universitetdə salamlamaqdan məmnunluğunu ifadə edən rektor qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğuqlarını, Universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını deyib. Millət vəkili, Dr. Qənirə Paşayeva Niğde universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin  müsbət hal olduğunu qeyd edərək, burada təhsil alan azərbaycanlı tələbələrin burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Universitetdə Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Universitetin rektoru Adnan Görürə  Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və Q.Paşayeva bu mövzularla bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva Universitetdə Azərbaycan,Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir. Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək Azərbaycan mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb.  Niğde  Universitetinin rektoru təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildirib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Niğde Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib və onu Azərbaycana  dəvət  edib.  Dəvəti məmnuniyyətlə qəbul edən rektor Adnan Görür   rəhbərlik etdiyi  universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf  edəcəyini deyib  və  millət vəkilini universitetdə konfranslar verməyə dəvət edib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da universitetdə əməkdaşlığın genişlənməsi,burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra fikir və təkliflərlə çıxış ediblər və geniş fikir mübadiləsi aparılıb.