Regional sülh və əməkdaşlıq çağırışı

Tarix: 13:56 24.06.2025
Ərdoğan və Putin telefon danışığında İsrail-İran qarşıdurmasından narahatlıqlarını ifadə edərək, hərbi əməliyyatları pisləyiblər və siyasi həllə çağırıblar.
Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, İran İsrail müharibəsi Yaxın Şərq bölgəsinə xüsusilə təsir göstərir və Türkiyə, Rusiya bölgədə maraqlı ölkələr kimi, həmçinin regional oyunçular kimi məsələni müzakirə etməsi təbii haldır və nəzərə alaq ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında yaxın münasibətlər var və liderlər müxtəlif məsələlərdə zaman- zaman ümumi fikir ifadə ediblər:
"Yəni Rusiya rəhbərliyi də bəyan edib ki, bölgədə əsas güvəndiyi ölkə məhz Türkiyədir. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların aparılması üçün ərazinin məhz Türkiyə seçilməsini istəyib və vasitəçi ölkə olaraq da Türkiyəni təklif edib və danışıqlar da məhz Türkiyədə icra olunur, yəni Türkiyənin vasitəsilə icra olunur. Rusiya Türkiyə arasında qarşılıqlı etimad mühitinin olduğunu göstərir və İranda hazırda davam edən münaqişə iki ölkəni narahat edir. Həm Rusiyanı, həm də Türkiyəni və İran İsrail qarşıdurmasının regionda ağır nəticələrə gətirib çıxara biləcəyi ehtimalı çox böyükdür".
Ekspert həmçinin bildirib ki, bu müharibənin ümumi regiona yayılması ehtimalları da böyükdür:
"Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının İranın nüvə obyektlərinə zərbə endirilməsindən sonra İran rəsmiləri Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarının legitim hədəf halına gəldiyi barəsində fikirlər səsləndiriblər. Nəzərə alaq ki, həmin hərbi bazalar əsasən ərəb ölkələrində yerləşir və bu ölkələri İranın vurması ehtimalı var. İran özünün proksi qüvvələrini, Livanda yerləşən Hizbullah və Yəməndə yerləşən Ənsarullah hərəkatı, yəni husilərin vasitəsilə həmin bazaları qorunur və nəzərə alaq ki, bölgədə ABŞ-nin əsas hərbi bazası məhz Türkiyədə İncirlik hərbi bazasıdır və bütün bunların fonunda da bu bazanı məhz Türkiyə qoruyur. Həmin bazanın İranın proksi qüvvələrinin hücumuna məruz qalması Türkiyə-İran münasibətlərində kəskinləşmə yarada bilər. Liderlərin danışığı zamanı, yəni Putin, Ərdoğan danışığında, həmçinin Ukrayna məsələsi də geniş şəkildə müzakirə olunub və Ukraynanın gələcəyi naminə irəli doğru addımlar atıla bilər. Yəni Rusiya Ukrayna münaqişəsinin dayandırılması istiqamətində irəli doğru addımlar ata bilər".
Ayşən Səlimova