“Günahsız günahkarlar” AzTU-da

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:39 13.04.2016

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində “Günahsız günahkarlar” tamaşası nümayiş olunub. Tamaşa “Gənclər insan alveri haqqında nələri bilməlidir” mövzusu üzərində qurulub. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru isə İntiqam Soltandır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-2018-ci illər üçün imzaladığı “Milli fəaliyyət planı”na əsasən təşkil olunan tamaşada müasir dövrün qlobal problemlərindən olan insan alveri tanıdılır. Bakı Uşaq Teatrının gənc aktyorlarının ifasında canlandırılan obrazlar insan alverini bütün çılpaqlığı ilə ortaya çıxarılır. Ssenaridə əsasən qeyri-qanuni əmək fəaliyyəti, orqan və qadın alveri qabardılıb.

Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və sonra özləri də bilmədən oyun oynadıqları mafiyanın qurbanına çevrilirlər.

Tələbələrin böyük marağına səbəb olan tamaşa alqışlarla qarşılanıb. Rejissor və aktyor heyəti Universitet rəhbərliyinə yaratdığı şəraitə görə minnətdarlıq edib və gələcəkdə də bu cür tamaşaların AzTU-da səhnəyə qoyulmasını arzuladıqlarını bildiriblər.