“Yoldaşlıq oyununda nəticə önəmli deyil”-Ceyhun Rzayev

Tarix: 17:16 01.07.2025
“Zirə” komandası yoxlama görüşündə “Qarabağ”a 0:4 hesabı ilə uduzub. Görüşdən sonra komandanın baş məşqçisi Rəşad Sadıqov bildirib ki, nəticə ikinci plandadır. Onun sözlərinə görə, əsas məqsəd futbolçuların fiziki hazırlığını artırmaq və komandanın səhvlərini analiz etməkdir.
Mövzu ilə bağlı “İnformator.az”a danışan idman şərhçisi Ceyhun Rzayev də bu yanaşmanı düzgün hesab etdiyini bildirib:
“Ümumiyyətlə, yoldaşlıq oyunlarında nəticə heç vaxt önəmli olmur. Əsas məqsəd futbolçuları hazırlamaq və yoxlamaqdır. Peşəkar baxışla yanaşsaq, bu fikirlə razıyam. Açığı, oyuna tam baxmamışam, o səbəbdən konkret səhvlər barədə nəsə deyə bilmərəm. Amma ümumilikdə belə oyunlarda səhvlər normaldır. Komanda tam hazır deyil, istirahətdən yeni dönüb, məşqçilər çalışırlar ki, futbolçuları forma gətirsinlər”.
Ceyhun Rzayev həmçinin əlavə edib ki, bu məğlubiyyət azarkeşləri narahat etməməlidir:
“Bu, sadəcə hazırlıq mərhələsidir. Əsas odur ki, komanda çempionat oyunlarına qədər formaya düşsün. Mən inanıram ki, növbəti oyunlara qədər Zirə daha hazırlıqlı olacaq”.
Ekspertin fikrincə, hazırkı çətinliklərin əsas səbəblərindən biri də komandanın iki hücumçu – Rafael Utzik və Solifu Suma olmadan çıxış etməsidir:
“Rafael Utzik klubla problem yaşayır və təlim-məşq toplanışına qoşulmayıb. Suma isə satışa çıxarılıb. Bu da Zirənin hücum xəttini zəiflədir. Suma komandada lider rolunu oynayırdı və onun yoxluğu ciddi hiss olunur”.
Solmaz Muradova