“Bir millətin xarakterini bilmək istəyirsinizsə o millətin musiqisini dinləyin”

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:06 14.11.2016

Mina Quliyeva
BDU, Jurnalistika fakültəsi,
IV kurs tələbəsi

Musiqinin Afrikada yarandığı güman edilir. Afrikada yaranmış musiqi 50 min ildir ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Nəinki bir milləti, hər hansı şəxsi belə dinlədiyi musiqiyə görə xarakterizə etmək olar.

Hamımız şəhərin müxtəlif məkanlarında küçə musiqiçiləri ilə rastlaşırıq. Ölkəmizdə küçə musiqisinin vəziyyəti o qədər də ürəkaçan deyil. Buna bir səbəb insanlarımızın küçə musiqisinə etinasız yanaşmasıdırsa, digər səbəb isə əlinə pul düşən kimi gitar alıb şəhərin canına düşən yeniyetmələrdir. Avropa və Amerikaya nisbətən bizdə küçə musiqisinə münasibət pisdir. Çünki insanlarımız küçə musiqiçilərinə dilənçi, işsiz- gücsüz, avara adam kimi baxırlar. Nəzərə alsaq ki, küçə musiqiçilərinin əksəriyyəti gənclərdir onsuzda gənc nəslə aqressiv olan “indiki cavanlar”ı bəyənməyən ortayaşlı nəslin aqresiyası daha da artır. Polisin hədəfinə tuş gələndə isə vəziyyət daha da çətinləşir. Belə ki onlar cərimələnir, avaraçılıq və dilənçilikdə günahlandırılırlar. Dünyada isə küçə musiqiçilərini birləşdirən “WORLD STREET MUSIC”layihəsi var. 19-cu əsrdə inkişaf etməyə başlamış küçə musiqisi səhnəyə böyük musiqiçiləri də gətirmişdir.Dünyada küçə musiqisi ilə məşğul olmaq daha asan və zövqlüdür. Çünki onlar həm təqiblərə məruz qalmırlar, həm də insanların diqqətini yaxşı tərəfdən çəkməyi bacarırlar. Bu işlə məşğul olanların çoxu gənclərdir, ancaq demək olmaz ki, yaşlı nəslin nümayəndələri küçə musiqisindən Şəhərin “Tarqovu”adlanan küçəsində skripkada ifa edən 70 yaşlı bəylə rastlaşdım. Söhbət əsnasında ukraynalı olduğunu, Gürcüstanda yaşadığını və bu işlə sevdiyi üçün məşğul olduğunu öyrəndim. İfası ilə insanların diqqətini çəkməyi bacarırdı. Hər dəfə musiqi bitdikdən sonra “Bildin hansı musiqini ifa etdim?” deyə sual verirdi. İfa etdikləri musiqilər içində dünya şöhrətli”Beatles” qrupunun “Yesterday”, “Hey Jude” mahnıları, “Romeo və Julietta”dan musiqi parçası da var idi. Ən sevindirici tərəf bu idi ki, ordan keçən 5 adamdan 3-ü ayaq saxlayıb az da olsa musiqini dinləyirdi.


“Nəzarətçi ac olduğumu düşünüb mənə yemək və çay gətirmişdi”
Ayxan Ağayusifli, küçə musiqiçisi, ukalele ifaçısı.

“Bu işə ilk başlayanda tərəddüdlərim çox idi. Bir neçə dəfə ifa edəcəyim əraziyə gəlib cəsarət etməyib geri qayıtdığım da olub. Bunun əsas səbəbi bizim insanların küçə musiqiçilərinə dilənçi, evsiz və avara kimi baxmasıdır. Mən isə istəmirdim mənə də bu münasibəti göstərsinlər. Çünki, mən bu işlə pul qazanmaq üçün yox, bu işdən zövq aldığım üçün məşğul olurdum. Hətta bir dəfə ifa etdiyim ərazinin nəzarətçisi ac olduğumu düşünüb mənə çay və yemək gətirmişdi. Bunun ən yorucu tərəfi isə polisin təqibidi. Yeni başlayanda öz haqqımı tələb edir, gördüyüm işin qanuna zidd olmadığını deyirdim. Ancaq bunun faydasız olduğunu gördükdən sonra hər dəfə polislə mübahisədən sonra ifa etdiyim ərazini dəyişirdim. Mənimçün ən rahat yer Tarqovu ərazisindəki keçid idi. Orda isə yaxınlaşıb burda ifa edə bilməyəcəyimi söylədilər. Səbəbin soruşanda isə dedilər ki, bu ərazi ödənişlidi və qazandığım pulu bu əraziyə nəzarət edən bir bəylə bölüşməliyəm. Bir müddət orda ifa etdikdən sonra oranı da tərk etdim. Ən son ifa etdiyim ərazi isə Elmlər Akademiyasi metrostansiyasının yaxınlığı olub. Bir gün ifa etdiyim zaman polis maşını saxladı və məni polis şöbəsinə apardılar. Bildirdilər,ki dilənçilik və avaraçılıq maddəsi ilə məni üç günlük inzibati həbs gözləyir. Etiraz etdikdən sonra məni sərbəst buraxdılar. Ailəm də küçə musiqisi ilə məşğul olduğumu öyrənəndə bunu heç yaxşı qarşılamadı. Evdəkilərlə mübahisəm ən çətini idi. Təbii ki bütün bu çətinliklər təqiblər məni həvəsdən saldı. Artıq 3-4 aydır ki, ifa etmirəm. İndi hiss edirəm ki ,darıxıram çox güman ki yaxın zamanda yenidən ifa etməyə başlayacam.”
Musiqi ruhu qidalandırır, insanı aid olduğu dünyadan qısa müddətə də olsa uzaqlaşdırır. O ,gah kədərləndirir, gah da əyləndirir. İstər yüksək səhnələrdə səslənsin, istərsə də şəhərin hər hansı küçəsindəki keçiddə keyfiyyətli və yaxşı ifa edilmiş musiqi insanın diqqətini özünə çəkməyi bacarır.