Bahar qəlbli insan

Bölmə: Mədəniyyət › ,
Tarix: 15:12 29.03.2017

Kənan Novruzov

BDU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi

Elə insanlar var ki, qəlblərdə ömürlük yaşayırlar. Öz əməlləri, insani keyfiyyətləri, müsbət xüsusiyyətlərilə. Onlardan biri də indi haqqında danışacağım 261 nömrəli məktəbin direktoru Abuzər Əsədovdur. Abuzər müəllimi çoxdan tanıyıram. Nənəm həmin məktəbdə işləyir və hələ illər əvvəl bəzən mən də onunla məktəbə gedirdim, mütləq hər dəfə də Abuzər müəllimlə görüşürdüm.
İllər keçdi. Abituriyent olduğum vaxt Azərbaycan dili, ədəbiyyat və tarix fənlərindən məşğələlərə həmin məktəbə gedirdim.(Elə burada BDU-nun jurnalistika fakültəsində təhsil almağımda çox zəhmətləri olan hörmətli müəllimələrim Səddinur Sultanovaya və Güləndam İsrafilovaya təşəkkür etmək istəyirəm.) Yenə də demək olar ki, hər dəfə Abuzər müəllimlə görüşür və onun yüksək insani keyfiyyətləri, habelə uğurlu məktəb rəhbərliyi bacarığı ilə daha yaxından tanış olurdum. Təsadüfi deyil ki, adını çəkdiyim təhsil ocağı öz nailiyyətlərilə paytaxt miqyasında fərqlənən məktəblərdən biridir. İstər müxtəlif intellektual yarışlarda, istər idman turnirlərində, o cümlədən “Şahinlər” hərbi-vətənpərvərlik oyunlarında şagirdlər yüksək nəticələr əldə edirlər. Şübhəsiz ki, bu müvəffəqiyyətlərin əldə olunması birbaşa Abuzər müəllimin diqqəti, qayğısı və çalışqanlığının bəhrəsidir. Heç bir mübaliğəsiz deyə bilərəm ki, bu insan istər məktəb müəllimlərinə qarşı, istərsə də şagirdlərinə qarşı kifayət qədər diqqətlidir. Daim onların qayğısına qalmağa, problemlərilə məşğul olmağa hazırdır. Bir şərtlə ki, onlar da məktəbin rifahını və öz vəzifələrini unutmasınlar. Yaxşı xatırlayıram, keçən ilin bu vaxtları hər dəfə məktəbin direktoru ilə görüşəndə öz şagirdləriymişəm kimi mənim təhsilim, dərslərim ilə maraqlanırdı. Əlbəttə, bu da göstərir ki, Abuzər müəllim təkcə öz məktəbinin yox, eləcə də, Azərbaycanın gələcəyini düşünən, ali təhsilli gənclərin daha çox olmasına maraq göstərən əsl pedaqoqlardandır.
Həm də tələbkardır Abuzər müəllim. Məktəbin pedaqoji kollektivinin nizam-intizamına, dərsə vaxtında gəlib-getmələrinə, dərd prosesinin maksimum dərəcədə səmərəli keçməsinə ciddi nəzarət edir. Özü də bir rəhbər kimi onlara nümunə olmağa çalışır. Şübhəsiz ki, qazanılan uğurlarda bu amilin də böyük rolu var.
İnanıram ki, hələ uzun illər 261 nömrəli bu məktəb Abuzər müəllimin öz işinə düşkünlüyü sayəsində əsl təhsil ocağı kimi qazandığı statusu qoruyub saxlamağı bacaracaq.
Əslində bu yazını keçən ay-Abuzər müəllimin doğum günü vaxtı yazmaq istəyirdim. Amma qismət indiyə imiş. Necə xoşdur ki, yazının yazılması bahar bayramına təsadüf edir. Elə isə, bahar qəlbli insanı bu bayram münasibətilə ən xoş arzularla təbrik edirəm!