Səninlə bu həyat nə şirin olur...

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:36 14.06.2017

Rafail Tagızadə

İsmayıllının ən hündür ağacları, dağları, sıldırım qayaları da Musa Yaqub əzəmətinin qarşısında kiçik görünür.
Buludun Musa Yaqub həsrətinə tökdüyü göz yaşı onun görüşünə gələnlərlə ara verdi. Təbiət daha gözəl görsənsin deyə, hava, ağaclar, dağlar yuyulub təmizləndi. Bu təbiəti sevən şairə təbiətin sevgisi idi.
Şairin səsini eşidən ağaclar yarpaq pıçıltısını dayandırdı, dilindən şeirini eşidən şəlalə səsini içinə çəkdi. Bu sevgiyə düzənlər qırmızıya büründü. Banuçiçəklər, Turallar lalələrin arasında itdi.
İsmayıllı hələ belə coşqu görməmişdi. “Qız qalası” sözün sehrinə düşmüşdü.
Təbiət şairin səksən yaşını, onu sevənlər söz bayramını qeyd edirdilər. Bu gün burda göy üzü, təbiət dupduru idi. Onun şeirləri kimi.
Hamı bu duruluğun içində təmizlənirdi. Durulurdu. Ruhlar təzələnirdi. Yeni bir ovqata köklənirdi. Musa Yaqub ovqatına.

Onunla təmasda, ünsiyyətdə olanda elə bilirsən ki, təbiətin qoynundasan. Uca bir ağacın sərin kölgəsindəsən. Qayaya söykənmisən. Təbiət səninlə aram-aram danışır.
Musa Yaqubun dilindən şeir dinləmək ayrı bir xoşbəxtlikdir. Onun ləzzəti tam başqadır. Öz doğmalığıyla. Cazibəsiylə. Səsinin ahəngiylə.
Pıçıldaşan misralar bir anın içində coşur. Bilirsən ki, həmin an dağlara yağış yağır, sel-su, çayın səsi aləmi büyüyüb. Sonra şeir yenə aram-aram, öz axarıyla gedir.
Musa Yaqub yaz havalı şairdi. Hərdən payıza, yarpaqların rəngarəng çalarlarına köklənsə belə.
Tez-tez tənhalığa çəkilsə də, cəmiyyət adamıdır. Sözü kimi özü də adamları özünə çəkir. Başına yığır. Başına yığılırlar. Arı pətəyə yığılan kimi. O gəlişiylə məclisə yeni bir ovqat, yeni ruh gətirir.
Sözləri ürəyə yatan şairin özü də sözü kimidi.
Sözü kimi özü üçün də darıxırsan. Onunçün darıxmamaq olmur. “Öyrətmə özünə, öyrətmə məni”- deyən şair, hamını özü üşün darıxdırır. (Antitəbliğatın üzü də bir təbliğatdır.)

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!

Onun sevgisi də özü kimi safdır. O, bu yaşda da tərtəmizdir. Hisləri, duyğuları, sözü ilə, özü ilə bir mənəviyyat, əxlaq adamıdır

Tək bənövşə bitib lap yaxınında,
Mənə deyəcəyin gizli sözündü-
Xırda ləçəklərlə titrəyir səsin.
Atam da, anam da yatır yanında,
Necə danışaq ki eşidilməsin.

Budur Musa Yaqub.

Musa Yaqub təbiətin özü, bir parçası olmaqla bərabər, həm də həyatın özüdür. Onun reallıqları ilə birlikdə. Hər şeyin təbii düzənini sevən şair haqsızlığa, ədalətsizliyə dözə bilmir: