"GETMƏ" deyən kitab...

Bölmə: Mədəniyyət › ,
Tarix: 17:03 13.02.2018

Salam Sarvanın kitabıyla bərabər 5 kitab almışdım həmən gün.

Biri də İlqar Rəsulun "Getmə" romanı idi. Mən həmişə beləyəmee, aldığım nəyisə heç vaxt gətirib evə çıxara bilmirəm. Mütləq kiməsə verirəm. Elə o 5 kitabın da aqibəti belə oldu. Dostlarla idik, hərəsi birin götürdü, evə çatanda əlimdə bircə "Getmə" qalmışdı. Bu kitabı ilk niyə sevdim?

Evə çatıram və əlimdəki kitaba baxıram, kitab deyir: - Getmə.

Mən - Elə bilirsən, mən getmək istəyirəm? Amma məcburam.

Kitabla ilk dialoqumuz burdan başlamışdı. Amma getdim. O evə hər gün olduğu kimi o gün də getdim. Kitabı da çantama qoydum, sabah işdə oxuyacaqdım.

İşdəyəm artıq, kitaba necə başlamışamsa bir də gördüm rəis yaxınlaşıb dedi ki, niyə elə həyəcanlı oxuyursan, nə kitabıdı o elə? Qızımız var, o da deyir ki, kitabın üzündəki əsəbi kişiynən sənin üz mimikan heç uyğun gəlmir. Adam inanmır ki, o əsəbi baxan eynəkli kişi elə həyəcanlı nəsə yazar. Mən isə oxuya-oxuya öz-özümə deyirəm, xatırladığın qədər yaşayarsan içindəkiləri. Və xatırladığın qədər qanayar yaraların. Bəzən gözləmədiyin yerdən bir qış gələr bütün arzularnı da, ümidlərini də günəş kimi udar. Tək təsəllin fərqində belə olmadan itirdiyini axtarmaq olar. Bəzən axtarmaqdan yorulub, dəli arzularını da, qasırğa fikirlərini də yığıb gözləyərsən əlahəzrət möcüzəni. O zaman səni nə havanın soyuqlıuğu, nə də insanların ehtinasızlığı yora biləcək.

Romanı oxuduqca hisslərimin acısını təsvir etməyə çox çətinlik çəkirdim...

Qaranlıq otağın soyuq havası sanki bütün fikirlərimi dondurub. Çoxdandı qapısı açılmayan mənzildə, yad ölkəninmiş kimi toz və çirkli havayla dolu, qırılmış arzularımla birgə, nəbzimi təzələmək belə məni incidir. Dəmir yolları belə mənə yad gəlir, sanki o da məni tərk edib. Tərk etməyib, sadəcə yorulub. Bəlkə də mən onu tərk etmişəm. Vağzalı da yormuşam, çünki dəmir yolları hər dəfə dərdini ona qışqıran insanlardan bezib. Yorulub, yorulub dəmir yol vağzalı. Yorulub əylənən insanların içində tək skamyada oturub fikirli siqaret çəkən insanları görməkdən.

Mən də yorulmuşam.

Kaş qanadlarım olsa, uça bilsəm, - deyirəm, bəs etməz, yenə də yorulub düşəcəm, bu şəhərin ağuşuna. Yox, mən inanıram, qışdan sonra gələcək o günə inanıram. Ağ qar dənələrini ağ alça çiçəkləri əvəz edəcək, mən də yormayacam daha nə özümü, nə də bu şəhəri.

Hər şey buz tək əriyib öz vəziyyətinə qayıdacaq...

Və o gəlir…

Qəribə səsdi.

Sanki göy üzü oz şəffaf barmaqları ilə dəniz adlı nəhəng bir fortepianoda əsrarəngsiz bir mahnı ifa edir. Dünya dolu sükut. Külək yox. Sadəcə yağış. Açır alça çiçəkləri, ümid çiçəkləri.

Dostlarım zəng edəndə mən özüm üçün rahat yer seçib kitabı ikinci dəfə oxuyurdum.

Dostlarla oturmuşduq sonra Pərviz Cəbrayıl da təşrif buyurdu. Mən kitabdan danışdım, dostlar biri dedi mənə ver oxuyub, qaytarım, digəri, yox mənə ver, mən daha sürətli oxuyuram. Axırda səs çoxluğuyla kitabı Pərviz götürdü.

Pərvizin nə qədər həssas olduğunu bilirəm, bu kitab onu incidəcək....

   Çinarə Ömray