Teatrlara marağın azalmasının SƏBƏBLƏRİ-Kamal Yaşar açıqlayır

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:31 25.09.2023

“Ötən illərlə müqayisə etsək, son illərdə teatra qarşı maraq sayı nisbətən artmağa başlayıb. Amma ümumi canlanmanı əsas götürsək, teatrlara olan həvəsin azalmasının başlıca səbəbi bizim millətdə təbliğat-təşviqat hallarının kifayət qədər özünü doğrultmamasıdır”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında rejissor, aktyor Kamal Yaşar deyib. Onun sözlərinə görə, teatrın inkişaf etdirilməsi üçün ilk növbədə, onların satış mexanizmini tənzimləmək, müəyyən şirkətlərlə birlik etmək lazımdır.

 

“Prodüser problemi tək teatr yox, milli kino sahəmizdə də özünü göstərir. Konsertlərin bu gün daha çox sevilməsinin əsas səbəbi onların cəmiyyətlə uyğunlaşa bilməsidir. Hansı ki, insanlar bu tip konsertlərdə özlərini daha rahat hiss edir, əylənir, özlərini ora yaxın düşünürlər. Teatr sahəsində isə tam əksinə, insanlar bu sahənin dar kütləli olduğunu zənn edir. Bu ifadənin özü belə, bir bədniyyətdir. Teatrların hər biri dövlət dəstəyi ilə idarə olunduğuna görə, akademik təsirdən xilas ola bilmirlər. Konsert müğənniləri isə işıqdan tutmuş səhnənin bütün düzəlişlərinə göstəriş verə bilirlər. Amma zaman ötdükcə, dövlətlə bərabər, müstəqil teatrlar da fəaliyyətə başlasa, mövzu əlvanlığı, çeşidlilik özünü göstərəcək. Bunun nəticəsində teatr sahəsi də xalqla uyğunlaşmağa başlayacaq, öz məhsullarını daha yaxşı təqdim edərək, pul qazanmağın alternativ yollarını düşünəcəklər. Bu hal öz yerini tapsa, teatr səhnələri, aktyorları belə ölkə-ölkə, şəhər-şəhər gəzib, özlərini inkişaf etdirəcək, dar kütlə anlayışından xilas olacaqlar”.

 

HƏCƏR ƏMİRASLANLI