İflic və onun simptomları

Bölmə: Maraqlı › ,
Tarix: 23:34 29.05.2025

 

İflic (paraliz) – əzələ funksiyasının tam və ya qismən itirilməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Bu, sinir sisteminin zədələnməsi və ya digər səbəblər nəticəsində meydana gəlir. Ən çox rast gəlinən səbəblər insult (beyin qan dövranının pozulması), onurğa beyni zədələri və sinir sistemi xəstəlikləridir. İflic, əksər hallarda əzələ zəifliyi, hissiyatın pozulması və hərəkət qabiliyyətinin azalması ilə müşayiət olunur.

 

Mövzu ilə bağlı psixiatr Azər Bağırov “İnformator.az”a açıqlamasında bildirib ki, insultun bir neçə növü mövcuddur və hər növ bir-birindən özünəməxsus xüsusiyyətlərinə görə fərqlənir:

 

“İnsult beynin qan dövranının pozulması ilə əlaqəli bir xəstəlikdir. Bu zaman beyni qidalandıran damarlarda müxtəlif səbəblərdən qan axını pozulur və həmin bölgədəki beyin hüceyrələri oksigensiz qalaraq ölür, onların yerində isə çapıq toxuması yaranır. Insultun əsasən bir neçə növü müşahidə olunur. Ən başlıcası işemik insultdur. Bu növdə daha çox beyin damarının hər hansı bir səbəbdən tıxanması baş verir. Qan laxtası həmin damarı tıxaya bilər və ya damarların yağlanması nəticəsində həmin bölgədə qan axını pozula bilər. Hazırda müşahidə etdiyimiz insultların 85%-i işemik insultdur.

Digər bir forma isə hemorragik insultdur. Bu zaman beyni qidalandıran damar yüksək təzyiqə dözməyərək partlayır. Belə halda həmin bölgəyə və ya ətraf toxumalara qan sızır və həmin bölgədəki hüceyrələrin ölümünə səbəb olur. Bu insult növünü daha çox yüksək qan təzyiqi olan xəstələrdə müşahidə edirik. Bəzən beyin travması keçirən insanlarda da bu növ insult ola bilər.

Bir digər insult forması isə keçici insultdur. Bu halda beyində qan dövranı tamamilə dayanmır və hüceyrələrin ölümü baş vermir. Yəni, bu, qısamüddətli – bir neçə dəqiqədən bir saata qədər davam edən – bir bölgənin qanlanmasının zəifləməsi və ya qısa müddətə dayanması ilə xarakterizə olunur. Amma sonrasında qan axını bərpa olunduğu üçün həmin bölgədəki hüceyrələr ölmür. Bu səbəbdən də, qalıcı deyil, keçici əlamətlər yarana bilər.

İnsultun başqa bir forması da mikroinsultlardır. Yəni beyində kiçik, nöqtəvi insult ocaqları yaranır, lakin xəstə bunu hiss etmir. Bu hal daha çox xroniki təzyiq xəstələrində baş verir. Yaş artdıqca, xüsusilə 60–70 yaşlarında beyindəki hüceyrə növlərinin sayı o qədər azalır ki, beyin həcmi kiçilir. Bu vəziyyətə xalq arasında “beyin quruması” deyilir".

 

Ekspert insultun əlamətləri barədə də danışıb:

 

“İnsultun əlamətləri onun beynin hansı bölgəsini zədələdiyindən asılı olaraq dəyişir. Tutaq ki, insult hərəkət mərkəzini zədələyibsə, bu zaman əl, qol, ayaq və əzələ gücündə itki baş verir. Əgər danışıq mərkəzini zədələyibsə, o zaman danışıqda pozuntu yaranır. Belə hallarda xəstə danışmaq istədikdə sanki söz tapa bilmir, bir şey ifadə etmək istəyir, lakin qarşı tərəfə bu çatmır və sanki danışa bilmirmiş kimi görünür. Xalq arasında daha çox tanınan əlamətlərdən biri də üz-gözün və ya ağzın əyilməsidir. Insult həmin əzələləri zədələdikdə, həmin bölgənin gücü itir və üzün simmetrikliyi pozulur, nəticədə üz əyilir.

İnsultun ilk əlaməti isə kəskin baş ağrısı və ya baş gicəllənməsi ola bilər. Əgər bir xəstə insult keçirdiyindən şübhələnirsə, dərhal xəstəxanaya çatdırılmalıdır. Əvvəllər belə bir inanış var idi ki, insult keçirən xəstəni tərpətmək olmaz, gözləmək lazımdır. Lakin bu, hazırda keçərli deyil. Çünki xəstə mümkün qədər tez xəstəxanaya çatdırılmalı, səbəblər aradan qaldırılmalıdır. Əgər yüksək təzyiq varsa, stabilləşdirilməlidir. Əgər insult bölgəsində qanaxma davam edirsə, buna müdaxilə edilməlidir.

Əksər hallarda insult zamanı dəstəkləyici müalicələr tətbiq edilir. Bu müalicələr sayəsində insultun səbəb olduğu iflic əlamətləri müəyyən müddətdən sonra düzələ bilər. Əgər insult beyində kiçik bir bölgəni əhatə edibsə, pasiyentin sağalması daha sürətli olur".

 

Məmmədova Nəzrin