Aparıcı hiss edəndə ki, xalqı qıcıqlandırır, çıxıb getməlidir
Bölmə: MEDİA › , MEDİA › Media-Yubiley › ,Tarix: 13:28 28.03.2015
İnformatorun “media-yubiley” rubrikasının qonağı 60 yaşına qədəm qoyan tanınmış jurnalist İlqar Əlfioğludur.
Kimdi İlqar Əlfioğlu teleaparıclıq məktəbində öz yerini görürmü? Demək olarmı ki, aparıcılar ondan çox şey öyrənə bilərlər?
-Məncə demək olardı, əgər davam etdirmək istəyənlər tapılsaydı. Davamçısı olmayan məktəb məktəb deyil, “məktəb”di. Amma öyrəndiklərimizdə öyrənməli şey çoxdur. Mənim içimdə formalaşdığım məktəb televiziya aparıcısının yalançı əlçatmazlığını əlindən aldı, onu kütləyə yaxınlaşdırdı, amma qulağımıza xəlvətcə dedi: “Lap yaxınlaşıb içində əriməyəsən ha! Həmişə bir baş yüksək olmağa can at ki, xalqın marağını itirməyəsən – həmişə bir tapmaca kimi qal, qoy səni hər gün təzədən kəşf eləsinlər!”
Bir vaxtlar Azərbaycan Televiziyasında “Dalğa” kimi populyar bir verilişin aparıcısı idiniz. Bu verilişin o zaman reytinq qazanması tamaşaçı üçün seçimin az olması ilə izah edilə bilər, yoxsa doğrudan da bu veriliş təkrarsız idi?
-“Dalğa” Azərbaycan televiziya məkanında hətta zamanı üçün belə, bənzərsiz veriliş idi. Amma təbii ki, bunun sırf yaradıcı qrupla bağlı olmayan obyektiv səbəbləri də vardı. Bütlərin qırılan, yasaqların aradan qalxan, insanların düşündüyünü danışmağa başlayan dövrü idi. Bu gün aramızda olmayan aparıcılarını, rejossorlarını xatırlamaq istəyirəm: Osman Mirzəyev, Çingiz Kərimov, Nüsrət Kəsəmənli, Şahin Əlibəyli... Qoy ruhları şad olsun!
Bu yaxınlarda “Yeni Dalğa” adı ilə APA TV-də göründünüz. Görünməyə dəyərdi? Və niyə “Yeni Dalğa” tez ötüb keçdi?
-Məncə dəyərdi, çünki mövzu dairəsi tamam başqa idi. Əslində, mən “Yeni Dalğa”da elə zəruri mətləbləri gündəmə gətirmək istəyirdim ki, əksəriyyət heç onların fərqində deyil. Düzü, az bilməyimiz məni daim narahat edirdi, istədim mövzu gündəmində bir təzə nəfəs yaransın, insanlar bir az ciddi şeylər üzərində də düşünsünlər... Bir il çəkdi o veriliş, öz auditoriyasını qismən formalaşdırdı. Başqa işlər olmasaydı, yəqin bu gün də davam edəcəkdi.
APA TV-dən niyə getdiniz? İstədikləriniz olmadı, yoxsa artıq sizin zamanınız keçib?
-APA TV-dən mən heç yana gedə bilmərəm, çünki harda dostlarım, istəklilərim qalırsa, demək mən də ordayam. APA-nın gündəlik həyatı həmişə diqqətimin lap mərkəzindədir; indi də hər uğurları mənimkidir, hər narahatlıqlarını bölüşürəm.
Zaman məsələsinə gəlincə... İnsanın bölüşməyə bir şeyi varsa, ağzını açıb danışanda diqqət kəsiləni varsa, demək zamanı keçməyib.
Aparıcı olduğunuz zaman kimlərdən məsləhət alırdınız və ya hansı nəzriyyələri vərəqləyirdiniz?
-Yaxşı aparıcı olmağın birinci şərti maraqlı adam olmaqdır. Mən həmişə deyirəm: Danışanda əgər 10-15 dostun diqqətlə qulaq asırsa, əmin ol ki, kamera qarşısında danışsan - milyonlar dinləyəcək. Düzünü desəm, “Dalğa” dövründə nəzəriyyə-filan oxumamışam, kimsədən məsləhət də almamışam. Rəhmətlik sədrimiz, Elşad Quliyev mənə bircə şey demişdi: özün necəsənsə, elə də ol! Bundan asan nə ola bilər ki?..
Bizim məsləhətə ehtiyacımız yox idi, çünki televiziyada “diktor” erası bitir, müəllif verişilləri, aprıcılar erası gəlirdi. Onu da qeyd etməyi zəruri bilirəm ki, özünün xəbəri yoxdur, amma mən çox şeyi başqa bir verilişin aparıcısınsan, gözəl yazıçımız Kamal Abdulladan öyrəndim. Və həmin o müəllif verilişləri erası da əslində Kamal Abdulla ilə başlandı, “Dalğa” ilə yox. “Dalğa” həmin dövrə özünün silinməz möhürünü vurdu.
Hər aparıcının öz standartı olmalıdır? Yoxsa aparıcılıq elə vahid bir standartla ölçülür?
-Standart nəyə deyirsiniz, bilmirəm, amma məncə aparıcı adam kimi adam olmalıdı. Hiss edəndə ki, xalqı qıcıqlandırır, çıxıb getməlidir.
Siz bu qədər araşdırmalar aparır, mütaliə edirsiniz. Dünyanın hər yerindən xəbardarsınız?
-Dünyanın hər yerindən adamın xəbəri olsa da, hər işindən ola bilməz. O qədər bilmədiklərimiz var ki... Həyata gəlişimiz yəqin həm də öyrənmək üçündür. Öyrəndikcə, öyrədirsən, kiminsə uzaq mənzilini yaxın edəndə, adamın özünə də ləzzət edir.
İnsanlar niyə bu qədər savadlıdırlar?
-Sual mənə aydın olmadı... Məncə bunun tam əksidi- insanlar savadsızdırlar. Necə savadlı ola bilərlər ki, Allahın hamıya verdiyi beyindən çoxları heç 5% istifadə etmir. Biz heyvanlara baxanda savadlıyıq. Amma heyvanların bizdən üstün cəhətləri çoxdur – onlar riyakarlıq, yalan, yaltaqlıq bilmir, öz xislətlərinə insandan daha sadiq olurlar.
İlqar müəllim 60-nız mübarək. Yaşamağa dəyərmi və niyə?
-Təşəkkür edirəm, sağ olasınız! Bizi bu dünyaya gətirən varsa, əlbəttə yaşamağa dəyər. Ən azı onun iradəsindən çıxmamaq üçün hələlik yaşamağa dəyər. Yaşamaq isə həm də yaşatmaqdır. Qazandığın, tapındığın dəyərləri yaşatmaq.