Macarıstan Ukrayna üçün 6,5 milyard avronun ayrılmasına mane olacaq-XİN

Bölmə: Siyasət › ,
Tarix: 23:30 24.06.2024

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto bildirib ki, Macarıstan bu ölkədə macar biznes şirkətlərinə qarşı ayrı-seçkilik bitənə qədər Avropa Sülh Fondundan Ukraynaya 6,5 milyard avronun ayrılmasına mane olacaq. "İnformator.az" bu barədə Tass-a istinadən xəbər verir.

 

"Bu gün mən açıq şəkildə bildirdim ki, Ukrayna hakimiyyəti macar şirkətlərinə qarşı diskriminasiyaya son qoymayana qədər, sülh fondundan Ukrayna üçün 6,5 milyard avro vəsaitin ayrılmasından söhbət gedə bilməz", - Sijarto Lüksemburqda macar jurnalistlərlə görüşdən sonra deyib. 

 

O qeyd edib ki, Ukraynada Macarıstanın ən böyük əczaçılıq şirkəti Gedeon Richter-i mühakimə etmək cəhdləri davam edir və bu, yalnız Rusiyada fəaliyyətini davam etdirdiyi üçün yerli hakimiyyət orqanlarına uyğun gəlmir.

 

Nazirin sözlərinə görə, onlar onu lisenziyalardan məhrum etmək, yəni Ukrayna bazarına çıxışını əngəlləmək istəyirlər. Əvvəllər Ukrayna hakimiyyəti Rusiyada da fəaliyyət göstərən ən böyük Macarıstan bankı OTP-ni “beynəlxalq müharibənin sponsorları” siyahısına daxil edib.

 

Szijjarto vurğulayıb ki, həm Ukraynada, həm də Rusiyada fəaliyyət göstərən nə OTP, nə də Gedeon Rixter heç bir beynəlxalq qaydaları və AB sanksiyalarını pozmur.

 

“Ona görə də açıq-aydın görünür ki, onlara qarşı tədbirlərin tətbiqi sırf siyasi aksiyadır və bu, qəbuledilməzdir”, - XİN rəhbəri bildirib.

 

Macarıstan uzun müddətdir ki, Avropa Sülh Fondundan Ukraynaya yardım üçün vəsaitin istifadəsinə etiraz edir, çünki ölkə hakimiyyəti macar şirkətlərini “beynəlxalq müharibənin sponsorları” siyahısına daxil etmək təhlükəsini aradan qaldırmayıb.

 

Vaxtilə OTP Ukraynanın qara siyahısına düşmüşdü, sonra isə siyahıdan çıxarılmışdı, lakin Macarıstan belə hadisələrin təkrarlanacağından narahatdır. Budapeşt Kiyevdən oxşar vəziyyətin bir daha yaranmayacağına dair təminat tələb etsə də, tələbləri yerinə yetirilməyib.

 

Üstəlik, son aylarda Ukraynada Rusiyada fəaliyyətini davam etdirən digər Macarıstan şirkətlərinin fəaliyyətinə qadağa qoyulmasına cəhdlər edilib. Macarıstan hökuməti xəbərdarlıq edib ki, Ukrayna hakimiyyəti öz ayrı-seçkilik təcrübələrindən əl çəkməyənə qədər Avropa Sülh Mexanizmindən istifadəyə razılıq verilməyəcək. Oradan vəsait Aİ ölkələrinin Ukrayna ordusuna silah və sursat tədarükü xərclərini kompensasiya etmək üçün gedir.