"Bu şəxsləri jurnalist hesab etmək olmaz"-ekspertdən ETİRAZ
Bölmə: MEDİA › ,Tarix: 14:17 19.07.2024
Son dövrlərdə "blogger", "vətəndaş jurnalisti", "YouTuber" anlayışlarına geniş rast gəlinir. Eyni zamanda jurnalistika təhsili olmayan bir çox insanların media sahəsində çalışdığının şahidi oluruq.
Bəs, jurnalist təhsili nə dərəcədə önəmlidir? Sözügedən şəxsləri media nümayəndəsi adlandırmaq olarmı?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında media eksperti Qulu Məhərrəmli bildirib ki, peşənin artan tələblərinə yalnız peşəkar təhsillə cavab vermək mümkündür:
"Jurnalistikada çalışan, amma birbaşa ixtisas təhsili olmayan jurnalistləri görməzdən gəlmək olmaz. Çünki sahənin tələbatı çox böyükdür. Buna görə də gənc kadra ehtiyac var və belə olan halda bu sahəyə həvəsi olanlar, bacarığı olanlar, bu sahənin qanunlarının və "havasının" əks edən bir çox istedadlı insanlar bu sahədə uğurla çalışa bilirlər. Onlar redaksiyada da, müstəqil jurnalist kimi də fəaliyyət göstərə bilirlər. Youtube-da, internet alanında, maraqlı blogerlər, Youtuber-lər tiktoker-lər və s. kimi məlumatlandırma işi ilə məşğul olanlar var. Amma bunlara jurnalist demek olar-olmaz məsələsinə əsas suala cavab verməklə müəyyənləşdirmək mümkündür".
Ekspertin sözlərinə görə, əgər blogger cəmiyyət həyatı ilə bağlı olan məsələlərdən yazırsa, cəmiyyəti düşündürən, insanları narahat edən problemləri önə çəkirsə, ictimai problemlər qaldırırsa, bunları jurnalist hesab eləmək olar:
"O kəslər ki əyləncə ilə məşğuldur, digər platformalara meyillidir, basqa üsul seçir, heç bir ictimai motivi olmayan məsələlərlə cəmiyyəti düşündürən probləmlərdən danışmırsa, onları jurnalist hesab etmək olmaz. UNESCO-nun jurnalistlərə yönələn konkret tələbləri var və o bizim media haqqında qanunda da qismən öz əksini tapıb.
İndi media agentliyindən və reyestrdan keçməyənləri jurnalist hesab etmirlər. Əlbəttə ki, bunun özündə də müəyyən ədalətsizliklər var. Yəni adam reyestrdən keçmədən müstəqil fəaliyyət göstərə bilər, amma fəaliyyəti bütünlüklə jurnalistikanın tələblərinə uyğun olmalıdır. Peşə təhsilinin olub-olmaması, əsas göstərici ola bilməz. Bir şəxsin jurnalist təhsili yoxdur, amma cəmiyyəti düşündürən məsələlərə toxunursa, bu zaman onu jurnalist hesab etmək olar".
Nərgiz Orucova