Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 149 il ötür!

Bölmə: MEDİA › ,
Tarix: 10:35 22.07.2024

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 149 il ötür. Ölkəmizdə ilk mətbu orqan-"Əkinçi" qəzetinin nəşri ilə başladı bu tarix... 

 

Belə ki, 1875-ci il 22 İyul tarixində Azər­bay­ca­nın gör­kəm­li zi­ya­lı­sı, mətbuatımızın banisi Həsən bəy Zərdabi ilə əsası qoyulan bu qəzetin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında misilsiz rolu var. Hə­sən bəy Zər­da­bi və onun­la bir­lik­də qə­zet­də ça­lı­şan bir sı­ra maa­rif­pər­vər de­mok­rat na­şir­lər Şər­qin ge­ri­li­yi­ni, əta­lət və süst­lü­yü­nü hə­qi­qi azad­lı­ğın ol­ma­ma­sın­da gö­rür­dü. On­lar öz söz­lə­ri­ni, do­la­yı yol­la ol­sa da, bu qə­zet va­si­tə­si­lə xal­qa çat­dı­ra bi­lir­di­lər. Çox təəssüf ki, ömrü uzun sürmədi, sadəcə 56 sayı işıq üzü görə bildi. Lakin dövrün görkəmli maarifçiləri "Əkinçi" nin, sözün əsl mənasında, hayqıran səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərməyi bacarıblar. "Əkinçi" dən sonra mətbuatımızın ocağının közü sönmədi. Əksinə, müxtəlif qəzet-jurnallar çap olundu, jurnalistika təhsili təşkil olundu, mətbuat tariximiz öyrənildi, cəmiyyətin həyatında mətbuatın rolu genişləndi. Sonralar ölkəmizdə azad mətbuatın əsaslı hüquqi bazası yaradıldı, mətbuatın ayaq bağı olan senzura ləğv olundu, qarşıya çıxan maddi-texniki maliyyə problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində vacib tədbirlər görüldü və hazırda da bu kimi işlər davam edir. Lakin yenə müəyyən əskikliklər, problemlər hiss etmək olur.

 

Bəs hazırda mətbuatımızın qarşısında hansı problemlər durur? 

 

Media eksperti Qulu Məhərrəmlinin sözlərinə görə, günümüzün mətbuatında əsas bir neçə problem üstünlük təşkil edir:

 

"Əlbəttə, bu gün mətbuat işçilərinin peşə bayramı günüdür və belə bir zamanda mətbuatımızın inkişafı, tərəqqisindən savayı onun qarşısında duran maneələri də yada salamaq olar. Çünki peşə bayramı, həmçinin bu tip problemlər haqqında da bizi düşünməyə sövq edir. Problemlərə gəlincə isə Azərbaycan mətbuatında hazırda 3 problem əsas təşkil edir. Bunun birincisi peşəkarlıq problemidir. Beləki, həmkarlar yazdıqları məqaləni, hazırladıqları reportajı nə qədər çox peşəkar şəkildə hazırlasalar, bir o qədər yaxşıdır. 

Digəri daxili azadlığın olmamasıdır. Bunun olmaması insanları tənqid yazmaqdan, araşdırma aparmaqdan və ciddi cəmiyyət üçün ciddi problemlər yazmaqdan, yaymaqdan çəkindirir. Bu baxımdan da daxili azadlığın olması vacibdir ki, jurnalistlərimiz medianın qarşısında duran əsas məsələlərdən birini həll etsinlər. 

Sonuncusu isə media qurumlarının maliyyə vəziyyəti ilə bağlıdır. Beləki, Jurnalistlərin əməkhaqqı, redaksiyaların texniki-texnoloji maliyyə təminatı aşağıdır. Bu da fəaliyyətə bu və ya başqa formada mənfi təsir göstərə bilir. Çox arzulanandır ki, ölkənin reklam bazarı inkişaf etsin, qəzetlər, saytlar reklam ala bilsin və bu vəsilə ilə öz maddi bazalarını da möhkəmləndirə bilsinlər".

 

Azərbaycan mətbuatının özülü xalqa təmənnasız xidmət, onun tərəqqisi yolunda çalışmaq amalı ilə qoyulub. Qoyulan bünövrə üzərində daima ucalan mətbuat, hər zaman xalqımızla bir yerdə olub, onun arzu, əməllərinə çıraq tutub.

 

Bəs, jurnalist peşəsinin hansı çətinlikləri var? Bu çətinliklərin qadınlar üçün üstünlük təşkil etdiyini demək olarmı?

 

APA İnformasiya Agentliyinin redaktoru Aləmdə Nəsib bildirir ki, belə məqamda məsələ cins fərqliliyində deyil, sadəcə hər sahənin özünün spesifik çətinliklərinin olmağıdır:

 

"Jurnalistikadakı çətinliklərdən danışarkən qadın-kişi fərqi qoya bilmirəm. İşimiz stresslidir, bir çox hallarda 7/24 fəaliyyətdə olmaq tələb edir. Bu isə profesional olandan sonra qadına, kişiyə baxmır. Bəzi hallarda eyni şərtlər daxilində eyni məhsuldarlığı göstərsə də, kişilərin əməkhaqqında daha irəlidə olduğunu müşahidə edirəm. Bu isə təkcə jurnalistikada yox, digər sahələrdə də müşahidə edilən haldır. Təəssüf ki, kişilər evə pul gətirən qüvvə kimi göründüyü üçün bəzi maaş verənlərdə belə bir təsəvvür olur ki, kişiyə daha çox əməkhaqqı yazılmalıdır. Digər bir məqam isə, yenə də qeyd etdiyim kimi, bizim işimizin bəzən 7/24 olması ilə bağlıdır. Bəzilərinə görə qadın həm də anadır, ailənin məişət qayğıları onun çiyninədir, buna görə jurnalistika onlar üçün çətin peşədir. Bununla da razılaşa bilmərəm. Çünki həyat müştərəkdir. Məişət qayğıları da fərdlər, ailə üzvləri arasında bölüşdürülməlidir. Bu halda bir qadın üçün jurnalistikada çalışmaq heç də əlavə çətinlik yaratmayacaq".

 

Aytac Kərimova