"Ermənistan indiki vəziyyəti ilə regiondakı heç bir ölkəyə ciddi mənada təhlükə deyil..."-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 18:13 28.08.2024
Ceyhun Bayramov:
"Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur, üçüncü ölkələr onu buna sürükləyir ".
Ermənistanın silahlanması Azərbaycan üçün hər hansı bir təhlükə təşkil edirmi?
Bu barədə politoloq Natiq Miri "informator.az"a açıqlamasında bildirib ki, Ermənistan bu məsələdə sadəcə geosiyasi alətdir:
"Ermənistanın silahlanmasına sadəcə Ermənistan kontekstində baxmaq doğru deyil. Çünki Ermənistan indiki vəziyyəti ilə, ordusu ilə, yəni sınıq-salxaq təchizatı ilə regiondakı heç bir ölkəyə ciddi mənada təhlükə deyil. Ermənistanı buna təhrik edən, silahlandıran və bu planın arxasında dayanan geosiyasi maraqları və onun müəllifə olan qlobal güc ABŞ-nı düşünəndə əlbəttə bu çox böyük təhlükələr vəd edir. Təkcə Azərbaycan üçün deyil, bütün region dövlətləri üçün təhlükə vəd edir. O baxımdan məsələyə bir az böyük anlamda baxmaq lazımdır. Ermənistan sadəcə burda geosiyasi alətdir. Bundan istifadə edən hegemon güc "Qərb" var. Bu gün Ermənistan üzərindən Güney Qafqazı mübarizə predmetinə çeviriblər. Bu kontekstdə Rusiyanı bölgədən sıxışdırmaqla bərabər, bölgədə tamamilə yeni bir konfiqurasiya yaratmaq planı sezilir. Ermənistan da bu məsələdə alətdir, iştirakçıdır".
Politoloq Azərbaycanın xarici işlər nazirinin Türkiyə səfərinin məqsədlərini də qeyd edib:
"Azərbaycanın xarici işlər nazirinin Türkiyə səfəri də təxminən elə bütün bu məsələləri, yəni, Ukraynanın Rusiya ərazisinə Kursk vilayətinə hücumundan tutmuş, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri də daxil, eyni zamanda Ermənistanın ABŞ-ın təkidi ilə silahlandırılması və İranın da bu prosesdə iştirakı məsələləri iki qardaş ölkə arasında ciddi müzakirə predmeti olub. Bütün bu baş verən hadisələrə qarşı birgə dayanmaq, alınacaq qərarları koordinasiya etməklə bütün təhdidləri vaxtında qabaqlayıcı addımlarla zərərsizləşdirmək olar. Bu prosesin içərisinə ola bilsin ki, Rusiya da müəyyən mənada daxil ola bilər. Çünki, bu məsələdə Rusiya ilə bizim maraqlarımız eynidir".
Natiq Miri Ermənistan silahı qüvvələrinin Azərbaycanın sərhədlərini pozmasından da söz açıb:
Ermənistanın Azərbaycanın bölgələrini atəşə tutması, bu, yeni bir hadisə deyil. Sadəcə olaraq, ABŞ , bütövlükdə "Qərb"in də arxasında durduğu planın tərkib hissəsidir. Bölgəni hər zaman gərginlikdə saxlamaqla dolayısıyla həm Azərbaycan üçün, həm də digər ölkələr üçün təziq mexanizmi yaradırlar. Paralel olaraq bir də bu gərginliyi güya Ermənistan üçün bu təhlükəni əsas gətirərək Ermənistanı silahlandırırılar. Çünki Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Ermənistan kimi işğalçı bir dövləti silahlandırmaq heç bir beynəlxalq hüquqa, ya da onun tərkib hissəsi olan beynəlxalq- humanitar hüquqa uyğun gəlmir. Əgər sülh istəyirsinizsə, bu məsləyə tövhə vermək istəyirsinizsə öncə sülh müqaviləsinin imzalanmasını təmin edib və bunun üçün təşəbbüs göstərin. Bir təcavüzkar və Azərbaycanın 30 il 20% torpağını işğal altında saxlayan bir dövlətə silah vermək, ordusunu hazırlamaq onlarda yenə Azərbaycan ərazilərini işğal etmək, daha doğrusu revanşist fikirlərə sövq edir".
Aslanova Fatimə