NATO xərcləri artırır- Ukraynaya ümid vermir

Tarix: 21:53 30.06.2025
2025-ci ildə keçirilən NATO-nun sonuncu zirvə görüşündən dərhal sonra Ukraynaya yardımların soyuması və Rusiyaya qarşı sərt ifadələrdən çəkinilməsi diqqətdən yayınmadı. Bu, bir təsadüf yox, əksinə, bölgədəki yeni geosiyasi düzənə dair güclü mesajdır. NATO-nun həm Rusiya ilə müharibəni daha da böyütməmək, həm də Ukraynanı yalnızlaşdırmamaq arasında balans axtarışının vizual və diplomatik ifadəsi kimi də dəyərləndirilə bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, NATO-nun son sammitində əsas məqsəd müdafiə xərclərini artırmaq və təşkilatın təsir gücünü genişləndirməkdir:
“ABŞ prezidenti Donald Trampın müzakirələrdən ümumi razılıq etməsi fonunda İspaniyanın və digər bəzi ölkələrin xərclərin artırılmasına etirazı əhəmiyyətli görünmür və təbii qarşılanır. Rusiyanın işğalçı kimi qabarıq göstərilməməsi isə münasibətləri daha da gərginləşdirməmək üçün atılmış addımdır. Çünki məlum bir durumu sadəcə ifadə olaraq təkrarlamaq həll yolu deyil. Əsas olan mövqe və görülən real işlərdir”.
Siyasi şərhçi qeyd edib ki, NATO daxilində Ukraynaya yardımlar məsələsində artıq soyuqluq müşahidə olunur:
“Trampın digər mövzularda olduğu kimi, Rusiyaya münasibətdə də mövqeyi stabil və qətiyyətli deyil, dəyişkəndir. Rusiya isə onun bu vəziyyətindən bacarıqla faydalanır. Müharibənin artıq yorucu olduğu NATO üzv dövlətlərinə də məlumdur. Danışıqlardan sülh və atəşkəs umulması, çıxış yollarının axtarılması artıq ciddi tələbə çevrilib. Ancaq eyni zamanda əməli şəkildə güclənərək Rusiyaya təsiri artırmaq üçün xərclər də artırılır və ehtimal edilən həlledici müharibəyə hazırlıq prosesi gedir”.
Ekspert həmçinin bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü indiki mərhələdə qeyri-mümkündür:
“Ukraynanın üzv olması NATO-nun birbaşa müharibəyə cəlb olunması deməkdir ki, bu da dünya miqyasında genişmiqyaslı müharibənin başlanmasına yol aça bilər. Türkiyə də NATO-nun üzvü kimi həm Rusiya, həm də Ukrayna ilə yaxın əlaqələrə malikdir. Seçim qarşısında qalarsa, Rusiya ilə münasibətləri korlamaq məcburiyyətində qala bilər. Ümumiyyətlə, sammitin Ukraynaya real töhfə verdiyini düşünmürəm. Müharibə davam etdiyi halda və hələ müsbət, həlledici mərhələyə çatılmadığı bir vaxtda nəticələr barədə danışmaq tezdir”.
Siyasi şərhçi vurğulayıb ki, Zelenski ilə Tramp arasında keçirilən 40 dəqiqəlik qapalı müzakirənin detallarının açıqlanmaması yekun nəticələri qiymətləndirməyi çətinləşdirir:
“Ukraynaya dəstək məsələsində artıq soyuqluq hiss olunur. Trampın məsələlərə yalnız biznes baxışı ilə yanaşması siyasi münasibətlərin istiqamətini qeyri-müəyyənləşdirir. Ukrayna ABŞ və Avropaya hələ ki, problemdən başqa heç nə vermir, amma onlardan nəsə tələb edir. Belə olan halda Ukrayna yalnızlaşır və həlledici şəkildə üstünlük əldə etməsinə real dəstək verilmir. Nəticələr Tramp və Zelenskinin qapalı müzakirələrinin detallarından sonra daha dəqiq məlum olacaq”.
Səkinəbəyim Cəfərova