“Ziyalı Ocağı” İctimai Birliyi “Vətənin Qəhrəman Oğulları” layihəsi çərçivəsində Beynəlxalq Konfrans keçirdi
Bölmə: Siyasət › ,Tarix: 19:36 31.05.2024
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi may ayının 31-də Laçın şəhərində “Vətənin Qəhrəman Oğulları” adlı layihəsi çərçivəsində özünün “Tarix yazan Qəhrəmanlar” adlı Beynəlxalq konfransını gerçəkləşdirdi. Konfrans iştirakçılarını yüksək qonaqpərvərliklə qarşılayan Laçın şəhər 2 saylı məktəbin kollektivi qonaqlara Laçınla bağlı geniş və müfəssəl məlumat verdilər.
Məktəbin direktoru Sevinc xanım Cabbarova mənfur erməni işğalından qurtulan Laçın və Laçınlılar, eyni zamanda bu möhtəşəm diyarın qəhrəman oğulları barədə geniş məlumatı qonaqlara çatdırdı.
Konfrans öz işini məktəbin akt zalında davam etdirdi. Azərbaycan Respublikasının milli himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canından-qanından keçən igid və cəsur oğullarımızın- Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə açan layihə rəhbəri İlahə Əliyeva bildirdi ki, bu gün bizə yurdumuzun əsrarəngiz bölgəsində -gözəl və hürr Laçında tədbir keçirmək nəsib olur. 30 ildən artıq bir müddət ərzində həmişə mənfur erməni işğalında olan Qarabağı- Laçını, Qubadlını, Kəlbəcəri, Füzulini, Cəbrayılı, Zəngilanı, Ağdamı nisgillə, ürək ağrısı ilə xatırladıq. Bu gözəl və əsrarəngiz diyarımızı xəyallarda, yuxularda gördük. Bu gün biz burada- Laçındayıq. Zəfər qələbəsi ilə tarix yazan Ali Baş Komandanımız cənab İlham Əliyevin və Onun igid əsgərlərinin sayəsində azğın yağı tapdağından qurtulan digər rayonlarımız kimi Laçın da özünün əsl sahiblərinə qovuşdu. Bu torpağın azadlığı uğrunda şəhid olan Vətənin Qəhrəman Oğullarının dastanlara sığmayan igidlikləri, işıqlı xatirələri hər an bizimlədir və bizimlə olacaqdır”.
Layihə üzrə ekspert İradə Nəsirova Laçının azad edilməsində böyük fədakarlıq göstərən qəhrəman Şəhidlərdən, qazilərdən bəhs etdi. İradə Nəsirova vurğuladı ki, “Şəhidlik mərtəbəsinə ucalan igid oğullarımızın keçdikləri ömür yolu əngin zirvə olmaqla yanaşı, eyni zamanda, örnək bir məktəbdir. Bu məktəb özünün müqəddəsliyi ilə bərabər, tarixi qan yaddaşımızdır. Şəhidlərimizin əziz xatirəsi həmişə bizimlədir”.
Özbəkistanlı qonaq, professor Govhar Matyaqubova “Torpaq uğrunda can verənlər müqəddəsdir, onların xatirəsi toxunulmazdır”-deyə bildirdi. O öz çıxışını ömürünü vətənə adayan qəhrəman oğulların şücaəti və idealı üzərində qurdu.
Professor Gulkar Hamroyeva bildirdi ki, “üstündə yeridiyiniz bu torpaq qızıldır. Çünki onun üstünə Şəhidlərlərin qanı axıb”.
Göz yaşlarını saxlaya bilməyən professor Gulkar Hamroyeva qeyd etdi ki, -“Biz yolboyu gələrkən yolların kənarında Şəhidlərin şəkilləri əks olunan lövhələr var idi. Heyətimiz maşınlardan endi və onların ruhuna fatihə oxudu. Məni dəhşətə gətirən müharibənin amansız qanunlarıdır. Heç bir nişanəsi qalmayan 18 yaşlı gənclərin bu savaşlarda həyatlarını itirməsi adamın ürəyini ağrıdır. Yolboyu hey ağladım. Allah bir də Azərbaycana müharibə göstərməsin”.
Türkiyəli yazar Yaşar Aydınlık vurğuladı ki, “Azərbaycanın savaşı haqq savaşı idi. Onlar öz torpaqlarını azad etdilər. Bu müqəddəs missiya idi və can Azərbaycanın igid oğul, qızları birlik, həmrəylik nümayiş etdirərək, bu missiyanın öhdəsindən layiqincə gəldilər. Biz həmişə öz qan, can qardaşlarımızın yanındayıq”.
Konfrans digər iştiraçkıların çıxışları ilə davam etdirildi. Vətənin qəhrəman oğullarının şərəfinə keçirilən bədii hissədə özbəkistanlı rəqqasə Risolat Sapayevanın ifasında rəqs nömrəsi, Laçın şəhər 2 saylı məktəbin şagirdlərinin ifasında isə səhnəciklər nümayiş olundu.
Konfransın sonunda xatirə şəkilləri çəkildi.
“Ziyalı Ocağı” İctimai Birliyinin Mətbuat Xidməti