Əhalinin böyük hissəsi yoxsulluq səviyyəsindən aşağı yaşayır!-Sosioloqdan ETİRAZ

Bölmə: Sosial › ,
Tarix: 21:26 27.09.2024

"Yoxsulluğun aradan qaldırılması üçün bütün dövlətlərdə sosial yardım formaları, proqramları var. Bizdə də bir neçəsi var formal olaraq. Onlardan ən məşhuru ünvanlı sosial yardımdır, xalq arasında buna ünvansız sosial yardım deyirlər. Çünki burada kriteriyalar, seçmələr, yanaşmalar o qədər mürəkkəb, bürokratikdir ki, həqiqi ehtiyacı olan ailələr qalır kənarda, təminatı yüksək olan ailələrdən bəziləri sosial müavinətlər alırlar".

Bu sözləri "informator.az"a açıqlamasında  Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı söyləyib. Ekspert ailələrin sosial müavinətlərini almaqda hansı çətinliklərlə qarşılaşdığından da bəhs edib:

"Bununla bağlı çox saylı rəsmi faktlarda açıqlanıb, ifşa olunub. Sonralar vətəndaşların özləridə mediada, sosial şəbəkələrdə tez-tez yazırlar, göstərirlər. Bu, şəffaf və obyektiv bir sistem kimi özünü doğrultmadı. Birincisi, elə gülünc tələblər var ki, bir çox ailələr bu yardımı ala bilmir. Məsələn;  çox uşaqlı, yoxsul bir ailənin çox köhnə bir maşını var. Yəni, bunun bazar dəyəri 500 manat da deyil. Bu maşından istifadə edərək kənddə nəsə daşıyır, 5-10 manat pul qazanmağa çalışır. Bunu bəhanə edərək, bu ailəyə sosial yardım vermirlər. Və yaxud, evində müəyyən avadanlıqlar var, həyətində bir neçə toyuq-cücə var, və yaxud, çöldə bir az torpağı var, orada ya suvarma problemi var, ya digər problemlər var ki, heç ondan istifadə edib gəlir də əldə edə bilməz. Belə ailələrə yardım verilmir, amma rüşvətlə, tanışlıqla və s. formalarda yüzlərlə, minlərlə bu yardımdan bəhrələnənlər var. Eləcə də digər sosial yardım proqramlarında da təxminən vəziyyət belədir, xəstələrə, əlillərə qarşı olan proqramlar. Bunlar, demək olar ki, sosial ədalətin təmin olunmasını deməyə əsas vermir".

Elçin Bayramlının sözlərinə görə, əgər ünvanlı sosial yardımda, uzun illərdir ki bu vəziyyəti düzəldə bilmirlərsə, qarşısınıda ala bilmirlərsə, onda praktik effekt verən sistemlərdən istifadə etsinlər:

"Dəfələrlə təklif olunur ki, Azərbaycanda uşaq pulu verilməlidir, hətta qeyd olunur ki, ünvanlı sosial yardım ləğv edilərək uşaq pulu formasında verilməsi daha effektiv olardı. Çünki uşaq pulunda hər hansı bir əngəllər, rüşvət korrupsiya amili olmayacaq, uşaqların dəqiq sayı konkret məlumdur, hər uşağa veriləcək məbləğ məlumdur. Burada nə məmur, nə kimsə bir manat belə artıq əksik götürə bilməz. Amma ünvanlı sosial yardımda belə deyil. Bütün dünyada demək olar ki, bütün ölkələrdə uşaq pulu tətbiq olunur. Bu, aztəminatlı ailələri xüsusən vəziyyətdən çıxardır, sağlam şəkildə uşaq böyütməsini təmin edir. Çox təəssüf ki, bizdə bu təkliflər uzun illərdir, ortaya qoyulsa da uşaq pulu nə bərpa olunur, nə onunla bağlı h bir addım atılır. Sosial müavinətlərin ümumilikdə formasına baxdıqda, bir çoxu müxtəlif üsullarla özünə sosial yardım düzəltdirib, amma həqiqi ehtiyacı olanlar almırsa, bu, yoxsulluğun azaldılmasına səbəb olmur. Çünki bir çox sosial şəbəkələrdə davamlı olaraq çox ağır yoxsulluq vəziyyətində olan insanlar görürük və cəmiyyətdən yardım xaiş edirlər. Eyni zamanda bu şəxslərin ev şəraiti, qazanc şəraiti məlum olur ki, yoxsulluq həddindən də aşağıdadır. Belə bir halda, hansı əsasnan onlara ünvanlı sosial yardım verilmir ki, insanlar dilənməyə məcbur olur, yardım istəyir, çörək almağa belə pul tapa bilmir. Bunun hər hansı ünvanlı yardım oldu? Bu sahədə çox ciddi şübhələr var, çox ciddi problemlər var. O səbəbdən çox sayda müxtəlif sosial müavinətlər, proqramlar var. Bunların hamısını sistemləşdirib, dövlət elə bir sistem yürüdə bilər ki, konkret olaraq müəyyən edilmiş məbləğdən aşağı gəlir olan ailələrə yardım edilsin. Yəni, bu yaşayış minimumu həddində də ola bilər. Yəni əgər 270 manat yaşayış minumumudursa adam başına, o haradasa 5 nəfərlik ailə üçün 1300 manata yaxın pul edir. Hansı ailəyə 1300 manat pul daxil olur? Bu halda sosial yardımların hansı effektindən danışmaq olar ki, hansı ədalətindən danışmaq olar? Buna görə də bu məsələdə çox ciddi islahatlar aparılmalıdır, yeni bir proqram qəbul olunmalıdır. Əgər ünvanlı sosial yardımda, uzun illərdir bu vəziyyətdə düzəldə bilmirlərsə, qarşısına da bilmirlərsə bu fırıldaqçılığın, onda praktik effekt verən sistemlərdən istifadə Məsələn; uşaq pulunun verilməsi, heç cür şəkildə burada nəyisə gizlətmək mümkün deyil. Konkret olaraq, bir ailənin 3 uşağı varsa, məsələn, hər uşağa 200 manat dövlət nəzərdə tutursa, konkret olaraq, bu ailə 600 manat alacaq. Nə hər hansı bir məmur bunu dayandıra bilər, nə də ki onu başqa cür aşağı-yuxarı yaza bilər. Bu, mümkün olan şey deyil. Deməli, əgər hökumət daha şəffaf sosial dəstək proqramı eləmək istəyirsə, ən əsası budur".

Sosioloq bildirib ki, qeydiyyatda olan işsizlərə də verilən pul çox aşağıdır, yəni normal insanın ehtiyaclarını ödəmir:

"İşsizlər, birincisi, bizdə qeydiyyata alınmır. Guya 4-5% işsiz var, halbuki dəfələrlə çoxdur. Müxtəlif bəhanələrlə qeydiyyata almırlar.  Bu o deməkdir ki, bu sahədə də ciddi dəyişiklik olmalıdır. Əmək yarmarkaları təşkil olunmalıdır, insanlar normal maaşlı işlə təmin olunmalıdır. Olunmursa, o vaxta qədər dövlətdən işsizlik müavinəti almalıdır. Bütün ölkələrdə bu belədir. Yalnız bu kimi məsələlər kompleks şəkildə baxılsa, əhalinin yoxsul təbəqələrinin ümumi sayı, vəziyyəti, gəlir səviyyəsi hesablanıb nəzərə alınsa bu problem həll oluna bilər. Bu formalarda dövlət balanslı şəkildə insanların minimum ehtiyaclarını tələb olunacağı qədər vəsaiti hər hansı bir formada çatdırmalıdır. Ancaq bu günkü proqramlarda məmur amili önə çıxır ki, burada yayındırıcı, çaşdırıcı məqamlar var, müxtəlif bəhanələrlə istəyəndə verirlər, istəyəndə vermirlər. Bu artıq korrupsiya elementlərini yaradır. Ona görə daha effektiv, daha şəffaf sistemlər yaradılmalıdır ki, sosial təminatlar, sosial proqramlar öz həqiqi məqsədinə çatsın. Yəni, sosial ədalətin bərpa olunması, insanların heç olmasa, minimum ehtiyaclarının təmin olunması dövlətin ən ali məqsədidir. Onu təmin etmək üçün isə yenidən bu sahədə islahatlar aparılmalıdır".

Fatimə Abdulrəhimli