Dünya xəritəsinin xüsusi yerlərindən biri
Bölmə: Mədəniyyət › ,Tarix: 11:44 30.06.2015
Nurlan Səlim
Eyfel qülləsi deyilən kimi hər kəsin ağılına ilk gələn məhz elə Fransa olur. Qərbi Avropanın tarix boyu öndə gedən ölkəsi bu gün də öz möhtəşəmliyini itirməyib. Adını frankların german tayfasının etnonimindən alan Fransa dünya tarixində, ədəbiyyatında, mədəniyyətində digərlərindən seçilib.
Əzəməti xəritəsindən görünən bu ölkənin ətrafı da elə özü kimi cazibədar ölkələrlə-İspaniya, Andorra, Almaniya, İsveçrə, İtaliya, Belçika, Lüksemburq və Monako ilə əhatə olunub. Bayrağındakı şaquli göy, ağ və qırmızı rənglər sıra ilə müstəqillik, bərabərlik və qardaşlığı təmsil edir. Dünya tarixində öz gücünə görə Böyük Britaniyadan sonra adı çəkilən həmişə Fransa olub. Təsərrüfatına, iqtisadiyyatına və digər göstəricilərinə görə şərqli-qərbli hər kəs tərəfindən tanınıb.
Dünya ədəbiyyatına, dünya mədəniyyətinə də baxanda onların xüsusi bir səhifəsi hər zaman Fransaya ayrılır. Kişi adlı qadın yazıçı Jorj Sand, maraqlı əsərləri ilə tanınan Gi de Mopassan, Prosper Merime, Mark Levi və dünyaca məşhur Viktor Hüqo və başqaları.
Eşq şəhəri olan paytaxt Parisi və bütün Fransanı göz oxşayan memarlıq da elə qədim zamanlardan əhatə edirdi. Fransanın emblemi kimi tanınan, quruluşu sümüyün daxili quruluşu formasında olan Eyfel qülləsi fransız memarlığının ayrılmaz hissəsidir. Zəfər tağı, Luvr muzeyi, Paris Notr-Dam kilsəsi hər kəsin görməli olduğu yerlər arasındadır.
Güclü bir ölkəni güclü edən də onun siyasi mənzərəsidir. Tarixdə müharibələrdə, tez-tez dəyişən idarə üsullarında olan Fransa qədim zamanlardan bu günə kimi dəfələrlə siyasi sınaqlardan keçib. İmperiya, monarxiya, mütləqiyyət, respublika və digər siyasi anlayışların adı Fransa tarixində tez-tez hallanır. 1958-ci ildə qurulan V respublikadan bəri bu günə kimi Fransa həmin idarə üsulundadır.
Yalnız dünya tarixində yox, elə Azərbaycan tarixində də Fransanın adına rast gəlmək olur. Paris sülh konfransında Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələrinin iştirak etməsi, burada o vaxtki Amerika Birləşmiş Ştatları prezidenti Vudro Vilsona Azərbaycanın müstəqilliyinin tanınması, onun Millətlər Cəmiyyətinə qəbul olunması və s. barədə olan tələbləri tarixin danılmaz faktlarıdır.
Azərbaycan mətbuatı tarixində “Şərqi-rus” qəzetinin təsisçisi, ilk azərbaycanlı poliqlot olan Məhəmməd ağa Şahtaxtlı, görkəmli publisist, “İrşad” qəzetinin təsisçisi Əhməd bəy Ağaoğlu kimi şəxslərin Fransada təhsil alması da, yəqin ki, təsadüfi olmayıb. O vaxt olduğu kimi hal-hazırda da Fransa təhsil səviyyəsinə görə qabaqcıl ölkələrdən biri sayılır.
Bir sözlə, möhtəşəm görünüşü, cazibədar dili və digər özəllikləri ilə seçilən Fransa, təkcə Avropanın yox, dünyanın tarix, mədəniyyət, siyasət, təhsil və digər sahələrində əsas yer tutan ölkələrdən biridir.