Şeir oxuyanda sanki ulu Tanrı ilə dialoqa girirəm
Bölmə: Mədəniyyət › ,Tarix: 14:20 30.06.2015
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızının İnformator.az saytına verdiyi müsahibəni təqdim edirik.
Amerikalı, rusiyalı və azərbaycanlı aktrisa. Kim kimə qibtə edir?
- Maraqlı sualdır. Belə deyək, mən azərbaycanlı aktrisa olaraq amerikalı aktrisanın ruhunun azadlığına, aldığı qonarara, rusiyalı aktrisanın işlədiyi peşəkar komandaya qibtə hissi ilə baxa bilərəm. Sizə bir söz deyim, sübut üçün. Bu günlərdə Azərbaycanda keçirilən I Avropa Oyunlarının açılşına baxdıq. Nə qədər qürur hissi keçirdik. Unutmayaq ki, ordakı çıxışçılar azərbaycanlı idi, rejissor ve ssenarist isə əcnəbi. Nə dediyimi anladız, yəqin ki... Biz çox istedadlı millətik. Mən həm də təəssübkeşəm.
Məhşur olmaq üçün mütləq kimsinə yatağından keçmək lazımdır?
- Bilirsiz, məşhurluq bir başqa şeydi, istedadlı olub önə çıxmaq başqadır. Məşhur olmaq üçün kiminsə yatağından keçməyə ehtiyac belə yoxdur. İndi elə zəmanədir ki, əgər maddi imkanın, yaxşı jurnalist dostların, reklamın varsa, məşhur ola bilərsən bir gecədə də. Sadəcə istedad deyilən bir məfhum var ki, onu pulla nə almaq olur, nə də satmaq. Onu üzə çıxartmaq isə vaxt, şans və əlahəzrət pul tələb edir. Bunun biri olmadıqda gecikirsən. Mənim kimi............
Tələbə vaxtı Cəfər Cabbarlı və Səməndər Rzayev mükafatları almısınız. Bu mükafatların dəyəri nə idi?
- Siz dediyiniz Cəfər Cabbarlı və Səməndər Rzayev mükafatı yox, tələbə vaxtı aldığım adlı təqaüdlər idi. Düzdü 2 il bundan öncə Cəfər Cabbarlı adına mükafata da layiq görülmüşəm. Amma, məncə, siz tələbə vaxtı aldığım təqaüdü nəzərdə tutursuz. Əlbəttə, bir tələbə evə gəlir və görür ki, atasının əlində “Azərbaycan gəncləri” qəzeti. Yəqin ki, sizin yadınızdadı o qəzet. Gənclərin həyatından bəhs edən oxunaqlı qəzet idi. Qəzetdə öz şəklini görəndə və oxuyanda ki, Ağsu rayonu hər ay Səməndər Rzayev adına təqaüd təsdiq edib və həmin tələbəyə göndərəcək, bu bir tələbə üçün çox önəmli məsələ hesab olunurdu. Ən azından seçilmisən. Ən azından əlaçı oxumusan və buna layiqsən.
Siz bədii qiraətçisiniz. Gözəl şeirlər ifa edirsiniz. Bu gün şeiri daha çox hansı nəsil dinləyir? Bir də şeir insan üçün nə deməkdir, anlamı nədir?
- Hə, gəldik mənim yaralı yerimə. Mən təəssüf edirəm ki, bu gün şeirə ancaq orta və yaşlı nəsil daha cox maraq göstərir, mən bunu öz övladlarımdan görürəm. Heç uzağa getmirəm. Bundan sarsılıram. Amma şeir, ümumiyyətlə, mənim üçün böyük bir dünyadır. Mən ən kədərli və ən sevincli anlarımda poeziyaya üz tuturam, poeziya mənə təsəlli verir. Söhbət əsl poeziyadan, əsl şeirdən gedir. Yoxsa “mən səni sevdim, sən məni atdın getdin, indi mən yaşaya bilmirəm” kimi primitiv düşüncə və təfəkkürdən getmir. Bilirsiz, mən şeir oxuyanda elə bil bütün çərçivələri sındırıram, daxilən azad oluram. Sanki ulu Tanrı ilə bir dialoqa girirəm. Bəzən şeir haqqında hisslərimi deməyə utanıram. O qədər ki, mən poeziyanı duyuram hiss edirəm. Poeziya dərdin anasıdır, yaxsı şeir insanın ruhunu təlatümə gətirir, beyni yaxsı işləməyə vadar edir. Səssiz duyğular belə şeirin köməyi ilə dil açır. Və son sözümü deyim. Poeziya öz təbiəti etibarilə ovsundur. Hər yetənə öz sirrini açmır. Düşünürəm ki, şeiri sevmədən, dərk etmədən bu sirri açmaq olmaz. Çünki şeirin son məqsədi insanları inandırmaqdır. Əslində şeir haqqında 7 gün 7 gecə danışaram. Həm də praktik şəkildə şeirlə izahın verərəm. Sadəcə oxucularımız yorular.
"Bir ailəm var" serialına çəkilmisiniz. Bəs öz ailəniz necədir? Hər şey, yoxsa çox şey ürəyinizcədir?
- “Bir ailəm var” serialından danışdınız. Əlbəttə ki, hər şey insanın ürəyincə olmur. Heç cox şey də olmur. Sadəcə ürəyincə olan insanlar olur, məkan olur və məqamlar olur. Bir də bilirsiz, bu dünya o qədər kələ - kötürdü ki, biz ən xırda şeylərə sevinirik. Yəni, bir az riyakarlıqdan , saxtakarlıqdan uzaq insan görəndə, tez şükr edirik ki, heç olmasa yaxşılar da var. İnsan çalışmalıdır ki, dünyaya gəlişi ilə bəzək vursun bu dünyaya. Dünyanın kələ- kötür yerlerini rəndələsin. Təəssüf ki, həmişə belə olmur. Amma yaxşılar haqda danisaq...
Niyə Azərbaycanda auditoriya daha çox türk seriallarına üstünlük verir?
- Bilirsizmi, son günlər mənə bu suallar cox verilir. Azərbaycanda serial istehsalı hələ yenidir. İnanıram ki, çox da uzaq olmayan gələcəkdə auditoriyalarımız bizim öz seriallarımıza baxacaqlar. Ancaq bu o vaxt olacaq ki, bu işlə peşəkar komanda işləyəcək. Yəni, ssenaristindən tutmuş, operator, rejissor, aktyor, qrim - bir sözlə, bütün komanda profesional olmalıdır. Əgər belə olarsa, uğurlarımız olacaq, yox, yenə tanışlıq, dostluq sindromu önə çəkilərsə, filmlərimiz axsayacaq. Auditoriya yenə xarici kanallara üz tutacaq. Bir də əsas məsələ, filmlərdə ideoloji konsepsiyanın olmamasıdır. Xarici filmlərə baxın. Oğrunun, terroristin də öz həqiqəti olur, demək yenə peşəkarlıq, ssenaridən çox sey asılıdır.
Bəs Universitetdə hər gün daxil olduğunuz tələbə auditoriyaları necədir? İncəsəntə maraq çoxalır, yoxsa əksinə?
- Tələbə auditoriyası mənim ən çox sevdiyim məkandır. Auditoriyaya daxil olanda özümü başqa bir dünyada hiss edirəm. Bütün problemlərdən kənarda, ən çox da o auditoriyada elmə - sənətə dəyər verən tələbələri görəndə qəlbim fərəh hissi ilə dolur. Mən çox pozitiv bir insanam. Təvəzökarlıqdan uzaq olsa da deyəcəm. Tələbələrim məni çox sevir, istəsəniz soruşa bilərsiz. Çünki mən tələbəyə danışıqdan öncə əsl vətəndaş olmağı tövsiyə edirəm. Gözəl tələbələrim var, çox istedadlı. Müsabiqələrdə iştirak edirlər, qələbələr qazanırlar, mən də onlarla fəxr edirəm. Onların hər birini öz övladım qədər sevirəm. Onlarsız bir günüm olmasın, bir sözlə, dünyada ən çox zövq aldığım yer tələbə auditoriyasıdır. İşə-sənətə həvəsi olanları da olur. Təsadüfi gələnlər də... Bu da normaldır. Biz istedadlıların yanındayıq.
Nə vaxtadək peşəkarlar kənarda qalacaq, kiminsə adamı irəli çıxacaq?
- Hə, nə vaxtadək peşəkarlar kənarda qalacaq??? Bax, bu sual sizin kimi, məni də çox narahat edir. Çünki peşəkar özünə qiymət verir, özünə qiymət verdiyi üçün sənətini dəyərləndirir. Ona görə də şəxsiyyətini qoruyur. O üzdən peşəkarlar kənarda qalır. Peşəkar aktyor ve rejissor üçün məşhurluq yox, onun təqdim etdiyi sənət və yaradıcılıq əhəmiyyətlidir. O da öz zəhmətinin dəyərini tələb edəndə problemler yaranır, və bu məqamdan qeyri - peşəkar, istedadsız insanlar bu fürsəti dəyərləndirir, deyir ki, mənə heç pul lazım deyil. Onda da sizin sualın cavabı aydın olur.
Müsahibəyə görə sağ olun
-Mən də təşəkkür edirəm çox maraqlı müsahibə üçün. Hər halda çalışdım ki, suallarınızı ətraflı cavablandırım. Ancaq inanın ki, söz xatirinə heç nə demədim. İçimdən gələn arzularımı bildirdim. Yeni publika üçün deyil, sənətimiz üçün danışdım.