İdmançıların Gələcək Təhlükəsizliyi - Sosial dəstəyin əhəmiyyəti
Bölmə: Sosial › ,Tarix: 16:46 15.11.2024
İdmançılar karyeraları boyunca yüksək qazanc əldə etsələr də, onların gələcək maliyyə təhlükəsizliyi daim risk altındadır.
Bəs idmançıların maliyyə sabitliyi və gələcək təhlükəsizliyi üçün hansı dəstəklərə ehtiyac var?
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev ”İnformator.az”a açıqlamasında bildirib ki, idmançıların maliyyə dayanıqlığı ilə bağlı məsələdə özlərindən də çox şey asılıdır:
"Azərbaycan idman ölkəsi kimi tanınır və kifayət qədər böyük uğur hekayələri olan idmançılarımız var.
Baxmayaraq ki, ölkəmizin ərazisi və əhalisi çox da böyük deyil, ancaq bütün keyfiyyətli əhali imkanlarımız var və bu həm də özünü Azərbaycanda idmançıların uğur hekayələrində göstərir. İstər intellektual oyunlarda istər digər yarışmalarda bizim idmançılarımızın çox böyük uğur hekayələrinin şahidi oluruq.
Əlbəttə, idmançıların mükafatlandırılması,onlar üçün şəraitin yaradılması ilə bağlı ölkə rəhbərliyinin iradəsi ortadadır. Onlar üçün yüksək məbləğdə mükafat sistemi mövcuddur.
Dünya çempionları, Olimpiya çempionlarının yüksək məbləğdə qiymətləndirilməsi, onların mənzillə təmin olunması, onların öz fəaliyyət sahəsində qərar qəbul etmə və idarəetməyə cəlb olunması kimi örnəklərimizi görürük. Bu əslində çox böyük göstəricidir və Azərbaycan idmanı dünyada imzasını atmış bir sahədir.
Məsələn Avropa ölkələrində, qərb ölkələrində idmançıların menecerləri var. Onların menecerləri maliyyə dayanıqlığına dəstək vermək üçün, maliyyə dayanıqlığının sabitliyini dəstəkləmək üçün düşüncələr, menecer layihələri fikirləşirlər, biznes yatırımları, reklam və digər vasitələrlə dəstək verirlər. Eyni zamanda, bir sıra idmançılar fərqli karyeralar seçirlər. Bəzən olur ki, idmançılar uğurlarından baş gicəllənmələrinə məruz qalır, yəni sərxoş olurlar. Onun üçün də, idmançılar mütləq yeni hədəflər müəyyənləşdirməlidir".
Sosioloq sözlərində bu istiqamətdə idman menecerliyini inkişaf elətdirməyin vacibliyini də vurğulayıb:
"Yəni idmançıların menecerləri ilə bağlı müvafiq qurumlar var. Gənclər və İdman Nazirliyi və digər qurumlar ki, idmançıların karyeralarını, onların tövhə verə biləcək sahələri müəyyən edir. Menecerin dediyini düşünməlidirlər ki, onların maliyyə dayanıqlığı və cəmiyyətdə başqa hansı tövhələr verə biləcəyi istiqamətində layihələr fikirləşməlidir. Məsələn, karyerasını bitirmiş idmançı hansı sahədə daha yaxşı tövhələr verə bilər. Cəmiyyət bundan necə faydalana bilər və özü necə başqa sahədə inkişaf edə bilər. İdmançıların fəaliyyətinin, həm idman fəaliyyəti dövründə, həm də idman karyerasını bitirdikdən sonra düşünən qurumlar və menecerlər olmalıdır.
Hesab edirəm ki, bu sahə Azərbaycanda da inkişaf etməlidir və idmançılar ola bilər ki, özləri öz maliyyə dayanıqlığını təmin eləyə bilmir baxmayaraq ki, dövlətdə müvafiq qurumlar onların uğurlarına görə bəlli bir məbləğdə dəstək də olur. Amma həmin məbləği daha da inkişaf elətdirmək və həmin məbləği daha da artırmaq, yəni investisiyaya yönəltmək, biznesdə yönəltmək bu idmançılar üçün həm də əlavə qazanc, gəlir mənbəyi kimi düşünülə bilər. Mənə elə gəlir ki, bu istiqamətdə idman menecerliyini inkişaf elətdirmək lazımdır və müvafiq qurumlar və ya fərdi idman menecerləri də bu işlə məşğul ola bilər".
Aytac Mustafayeva