Dünyadakı təhsil sistemi ilə Azərbaycandakı təhsil sisteminin fərqləri nələrdir?

Bölmə: Sosial › ,
Tarix: 21:11 21.11.2024

Günümüzdə təhsil sistemi, sürətli texnoloji inkişaf, qlobal əlaqələrin genişlənməsi və dəyişən sosial ehtiyaclara uyğun olaraq bir çox sahədə yeniliklər və dəyişikliklər keçirir. 

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “informator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın təhsil sistemi ilə inkişaf etmiş ölkələrin təhsil sistemləri arasında bir sıra fundamental fərqlər mövcud olduğunu bildirib:

 

“Bu fərqlər təhsilin təşkili, tədris metodları, şagirdlərin öyrənmə bacarıqlarının inkişaf etdirilməsi və resursların istifadəsində özünü büruzə verir. İnkişaf etmiş ölkələrdə təhsil yanaşmaları əsasən şagirdin fərdi maraq və qabiliyyətlərini mərkəzə qoyur, müstəqil öyrənmə, tənqidi düşünmə və problemlərin həlli kimi bacarıqları inkişaf etdirməyə yönəlir. Azərbaycanda isə təhsil sistemi hələ də ənənəvi, müəllim mərkəzli yanaşmaya əsaslanır, bu isə şagirdlərin aktiv öyrənmə prosesinə tam cəlb olunmasına mane olur. İnkişaf etmiş ölkələrdə təhsil sistemi daha çox şagirdlərin praktik bacarıqlarının inkişafına yönəlib. Məsələn, Finlandiya, Kanada və Sinqapur kimi ölkələrdə dərs proqramları layihə əsaslı öyrənmə, qrup işləri, tədqiqat və müzakirə metodları ilə zənginləşdirilir. Şagirdlər yalnız məlumat öyrənmir, eyni zamanda bilikləri tətbiq etməyi, analiz etməyi və müstəqil şəkildə nəticələr çıxarmağı öyrənirlər. Azərbaycanda isə dərs prosesində əsas diqqət nəzəri biliklərin ötürülməsinə verilir. Şagirdlər çox vaxt passiv rol oynayır və onların müstəqil düşünmə və öyrənmə bacarıqlarının inkişafı kifayət qədər təşviq edilmir”.

 

Ekspert həmçinin, Azərbaycandakı təhsil sisteminin qüsurları haqqında da məlumat verib:

 

“Azərbaycan təhsil sisteminin əsas problemlərindən biri də resurs çatışmazlığıdır. İnkişaf etmiş ölkələrdə məktəblər müasir texnoloji avadanlıqlarla, zəngin tədris resursları və laboratoriyalarla təmin edilir. Bu, şagirdlərin praktik biliklər əldə etməsinə və tədqiqat bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır. Azərbaycanda isə xüsusilə regionlarda yerləşən məktəblərdə texniki təchizat və infrastruktur çatışmazlığı təhsilin keyfiyyətinə ciddi təsir göstərir. İnteraktiv vasitələrin, müasir laboratoriyaların və rəqəmsal resursların azlığı həm şagirdlərin öyrənmə prosesini, həm də müəllimlərin tədris imkanlarını məhdudlaşdırır. Müəllimlərin peşəkar hazırlığı da bu sistemin zəif tərəflərindən biridir. İnkişaf etmiş ölkələrdə müəllimlərin peşəkar inkişafına xüsusi diqqət yetirilir. Müəllimlər mütəmadi olaraq təlimlərdən keçir, müasir tədris metodlarına dair biliklərini yeniləyirlər. Bunun əksi olaraq, Azərbaycanda müəllimlərin təlimlərə çıxışı məhduddur və ənənəvi metodlara üstünlük verilir. Müəllimlərin əməkhaqları isə beynəlxalq standartlarla müqayisədə aşağıdır, bu da onların motivasiyasına mənfi təsir göstərir”.

 

Fidan Xəlilova