Ailə dəyərlərindən uzaqlaşırıq

Bölmə: Sosial › ,
Tarix: 20:24 21.11.2024

Zaman keçdikcə ailə fərdləri arasında bağlar zəifləməyə və ailə münasibətləri tənəzzül yaşamağa başlayır.

 

Bəs ailə dəyərlərinə laqeydliyin əsas səbəbi nədir və bu məsələni necə həll etmək olar? 

 

Mövzu ilə bağlı sosial məsələlər üzrə ekspert Lalə Mehralı “İnformator.az”a açıqlamasında bildirib ki, ailə dəyərləri bütün dövrlərdə qorunması mütləq olan dəyərlərdən olub:

 

“Çünki hər dövrün özünəxas hədələri olub ki, bunlar ailə dəyərləri üçün təhlükə mənbəyi hesab edilib”.

 

Ekspertin sözlərinə görə, dövrümüzdə bu hədələrə texnoloji imkanların genişlənməsini və insanların texnokölə olmasını səbəb göstərə bilərik:

 

“Yəni bir az daha açıq formada desək, insanların virtuallaşmağa olan marağı ailəyə olan marağın üstünə keçir. İnsanlar daha çox virtuallaşmaq, daha çox texnoloji imkanlardan yararlanmaq istəyir. Bu prosesdə ailədən uzaqlaşmaq və ailə dəyərlərindən imtina etmək ilə nəticələnir.

Ailələrdə sosiallaşmaq, münasibətləri isti saxlamaq, ailədaxili münasibətlərin qaydasında olmaq məsələsi arxa plana atılır. İnsanlar tanımadığı insanlarla danışmağı, sosiallaşmağı, texnoloji imkanların köməyi ilə bilmədiyi həyatları öyrənməyi daha çox üstün tuturlar. Əslində sosiallaşmaq üçün yanında ailə üzvləri olduğu halda, o virtual sosiallaşmağı üstün bilir. Bu da zamanla ailə bağlarının bir-birindən qopmasına, ailədaxili münaqişələrin yaranmasına səbəb olur və ailə dəyərlərinin itməsinə gətirib çıxarır. Gördüyümüz kimi, bütün hallarda texnoköləlik bizə faydalı bir nəticə göstərmir”. 

 

Ekspert illər öncəki Azərbaycan ailəsi ilə indiki Azərbaycan ailəsini müqayisə edərək ailə münasibətlərinin nə qədər uzaqlaşdığını göstərib:

 

“Biz otuz il bundan öncəki ailə ilə hazırkı Azərbaycan ailəsi arasında müqayisə aparsaq görərik ki, insanlar daha çox virtual əsirlərə çevrilib və ailə üzvlərindən uzaqlaşıblar. Otuz il bundan öncəki tipik Azərbaycan ailəsindəki axşam yeməyi necə keçirdi, indi necə keçir. Əvvəllər qonaq qəbul etmək, qonaq getmək, bir süfrə arxasında sosiallaşmaq, ailənin bir yerə toplaşıb bir film izləməsi çox rast gəlinən bir vəziyyət idi. Ancaq indi hər kəs öz otağına, öz virtual dünyasına çəkilir və bu formada, süni formada sosiallaşırlar. Ailə üzvləri bir-birini tanımır artıq, bir-birləri ilə münasibətləri yoxdur və buna görə də ailə üzvləri hər gün bir az daha uzaqlaşırlar bir-birlərindən”. 

 

Ekspert ənənəvi ailənin bərpasını virtual köləlikdən qurtulmaqda görür:

 

“Cəmiyyətimizdə virtual köləliyi, asılılığı azaltmaq lazımdır . Ənənəvi Azərbaycan ailəsini bərpa etmək istəyiriksə, ailə ənənələrinə sadiq qalmalıyıq. Gündüzlər hər kəs işdə olur və axşamlar istirahətini virtual gəzişmə ilə təmin etmək istəyir. Lakin virtual münasibətlərin yerinə real münasibətləri inkişaf etdirməklə ailə bağlarını da möhkəmləndirmiş olarıq”, - deyə o, fikirlərini yekunlaşdırıb.

 

Mahmud Əskərli