Quranda döymə ilə bağlı konkret ayə var mı?-İlahiyyatçı AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 20:05 15.11.2024
Müasir dövrdə istənilən yaş kateqoriyasında insanlar döymə vurdururlar. Bəs, İslam dinində döyməyə necə yanaşılır?
Mövzu ilə bağlı İlahiyyatçı Ağa Hacıbəyli "İnformator.az”a açıqlamasında bildirib ki, döymə yaradılışı dəyişməyə bir cəhd, əmanətə vurulan zərərdir:
“Bu baxımdan dinimiz qadağan edib. Döymə dinimizə görə caiz, icazə verilə bilən əməl deyil. Ona görə ki, İslam dinində insan bədəni Allahın bizə verdiyi əmanətdir. Bizim şəxsi mülkiyyətimiz sayılmır. Peyğəmbər (ə)-ın dövründə bu kimi əməllərə gedən adamlara qadağalar qoyulmuş, insan vücudunun varlığının təmiz, pak olduğunu bildirmiş və bu kimi əməlləri xoş görməyib".
Ağa Hacıbəyli Qurani-Kərimdə döymə ilə bağlı birbaşa ayənin olmadığını bildirib:
"Nisa surəsində şeytanın Allaha qarşı bir vədi vardır: "Mən sənin yaratdığın insanın yaradılışını dəyişəcəm”.
İlahiyyatçı əlavə edib ki, döymə sağlamlığa ciddi zərər vurur:
“Müəyyən iynələrin insan vücuduna yeridilməsi sağlamlıq baxımından da, dinimizdə də məqbul görünmür. Çünki insan nə qədər sağlam olarsa, bir o qədər yaxşı qul olar, ibadət edər. Eyni zamanda bu əməl israfçılığa qapı açır. İsrafçılıq isə bir günah sayılır. İnsanların iblisə uyur və nəfsani işlərin üzərində dayanır, öz bədənlərində istədikləri cür boyalarla işlər aparır”.
Fatimə Məmmədova