"Bəzi xarici dillərə təlabatın az olması müəllimlərin sayının azalmasına səbəb olur.."

Bölmə: Sosial › ,
Tarix: 20:23 15.11.2024

Son illərdə xarici dil öyrənməyə maraq xeyli artıb. İngilis və rus dilləri demək olar ki, əksər tədris mərkəzlərində öyrədilir. Lakin bəzi xarici dillər var ki, onların tədrisi azdır və ya heç yoxdur. 

 

Bəs bəzi xarici dil müəllimlərinin tapılmamasının səbəbləri nələrdir?

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, Azərbaycanda ingilis və rus dillərinə tələbat çox olduğu üçün geniş tədris edildiyindən, bu iki dil istiqamətində öyrədən və öyrənənlərin bolluğu müşahidə edilir:

 

"Əvvəlki vaxtlara nəzər salsaq, ölkəmizdə rus dilini bilənlərin sayının çox olmasını müşahidə edərik. Çünki keçən əsrdə SSRİ-nin tərkibində olmağımız və əsrin sonunda müstəqillik əldə etsək də, keçid dövrü və Rusiya ilə əlaqələrimizin geniş olması rus dili bilənlərin sayının çox olmasına səbəb olmuşdu. 

Lakin sonralar Avropa ölkələrinə geniş çıxış əldə etməyimiz, müxtəlif sahələrdə əlaqələrin inkişafı ölkəmizdə rus dilinin müəyyən qədər zəifləməsinə və onun yerinə ingilis dilinin geniş yayılmasına səbəb oldu. Gənc nəsil ingilis dilinə yüksək maraq göstərdi. 

Buraxılış imtahanlarının nəticələrini analiz edəndə görərik ki, ingilis dilini bilib, öz ana dilini bilməyənlərin, sayı çoxdur. Üstəlik ali məktəblərdə bir çox ixtisasların tədrisi ingilis dilindədir. Bundan əlavə, ali məktəbin bakalavr, magistatura pillələrinə, doktoranturaya qəbulda xarici dil imtahanı var deyə bu dilin öyrənməsinə məcburiyyət yaradır. Çoxluğun seçimi ingilis dilidir.

 COP29 tədbirində belə görürük ki, əsas aparıcı dil ingilis dilidir. Hətta bəzi televiziya verlişləri tərcümə olunmadan birbaşa ingilis dilində yayımlanır".

 

Ekspertin sözlərinə görə, digər dillərə tələbat daha azdır:

 

"Elə buna görə də çox insan digər xarici dilləri öyrənmir və hazırlaşanların da sayı çox deyil. Digər xarici dillər üzrə öyrənənlərin az olması bu istiqamətdə müəllim kimi işləyənlərin sayının azalmasına və həmin pedaqoji kadrların alternativ işlə məşğulluğuna səbəb olur. İngilis dilinin isə çoxluq təşkil etməsi müəllim hazırlığında qiymətin ucuzluğuna da təsir edir".

 

Mehriban Nəsibova