"Beynəlxalq hüquq bəzən işləmir.."

Bölmə: Sosial › ,
Tarix: 20:05 21.11.2024

İrqçilik və diskriminasiya cəmiyyətdə fərqli sosial qruplara qarşı haqsız münasibət və ayrı-seçkilik yaratmağın əsas səbəblərindən biridir.

 

Müsahibimiz sosioloq Üzeyir Şəfiyev "informator.az" saytına verdiyi müsahibəsində irqçiliyi, diskriminasiyanı və digər növ ayrı-seçkilik münasibətlərini insanların qarşılaşdığı qlobal miqyasda ən ciddi problemlərdən biri kimi göstərir:

 

"Təəssüflər olsun ki, günümüzdə irqçiliyə və diskriminasiyaya qarşı mübarizə aparan və bu mübarizəni bəyan edən dövlətlər və təşkilatlar, özləri də zaman-zaman irqçiliyi təşviq edir və bəyan etdikləri prinsiplərə qarşı çıxırlar, bu mənzərə isə daha çox Avropa ölkələrində nəzərə çarpır.

Misal olaraq, Avropanın ən tanınmış diplomatı olan Cozef Borrelin "Avropa bağdır, yerdə qalan coğrafiyalar cəngəllikdir" yanaşması, məhz bu diskriminasiyanın və ayrı-seçkiliyin ən açıq təzahür formasıdır. Fransada hicaba qarşı islamofobiya hərəkatı, Almaniyada bənzər hərəkatlar və Skandinaviya ölkələrində Quranın və digər dini kitabların yandırılması da Avropanın elan etdiyi prinsiplərə, dəyərlərə ziddir.

Halbuki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində hər bir insanın irqindən, cinsindən, dini mənsubiyyətindən, dilindən və rəngindən asılı olmayaraq bərabər hüquqlara malik olduğu bir daha vurğulanır. Lakin bu prinsip Avropa və qərb ölkələrində tam şəkildə reallaşmır ".

 

Müsahib qeyd edir ki, bu vəziyyəti biz fərqli miqrantlara və əcnəbilərə qarşı münasibətlərdə də görürük:

 

"Məsələn, Almaniyada və Fransada" Almaniya albanlar üçündür" və "Fransa fransızlar üçündür" kimi şüarları eşidirik. ABŞ-da isə, Tramp hakimiyyəti dönəmində, təxminən 20 milyon miqrantın deportasiya təhlükəsi ilə üzləşdiyi müşahidə olunur və bunun çox ciddi rəqəmdir. 

Bütün bunlar, Avropa və qərb ölkələrinin bəyan etdiyi prinsiplərin əsasən yalnız inkişaf etməkdə olan və ya "üçüncü dünya" ölkələrinə şamil edildiyini göstərir, lakin özlərinə bu prinsipləri tətbiq etmirlər",- deyə müsahibimiz bildirib.

 

Sosioloq Üzeyir Şəfiyev, Azərbaycanda tarix boyu multikultural dəyərlər və tolerantlığın ən yüksək səviyyədə olduğunu da qeyd edib: 

 

" Nizami Gəncəvinin əsərindən "Bizdə bərabərdir hamının varı, bərabər bölərik bütün malları" sübut edir ki, bu dəyərlərin kökü orta əsrlərə və daha qədimlərə söykənir.

Hətta , Roma papası da bunu təsdiqləyib. Roma papası 2016-cı ildə Azərbaycana səfəri zamanı Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində dünyaya örnək ola bilərəcəyindən danışıb. Təbii ki, bu Azərbaycan üçün böyük bir təqdir və beynəlxalq aləmdəki mövqeyini gücləndirən bir ifadədir".

 

Müsahibimiz COP29 məsələsindən də bəhs edib:

 

 "Azərbaycan bu gün qlobal bir tədbirə ev sahibliyi edir və dünyaya humanist mesajlar ötürür. Ölkə başçımız İlham Əliyev, öz nitqi və dünyagörüşü ilə böyük dövlət başçılarına nümunə olur".

 

 Sosioloq son olaraq bildirib ki, nə qədər ki, dünya dövlətləri öz bəyanatları ilə uyğun olmayan hərəkətlər edəcəklərsə, dünya evini qorumaq və birliyi təmin etmək çox çətin olacaq. Bu, qlobal ədalətin və sülhün təmin olunması üçün əsas şərt olmalıdır.

 

Çinarə Tarverdiyeva