Tarixə öz xalqının xilaskarı kimi yazılan şəxs...-Kamilə Əliyeva yazır...

Bölmə: Siyasət › ,
Tarix: 19:16 21.11.2024

Ulu öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə öz xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu kimi yazılıb. İlk dəfə Azərbaycana hakimiyyətə gələn Heydər Əliyev ağır sosial - iqtisadi  durumda olan Azərbaycanı dirçəltdi,  insanlarımızın güzəranı,  yaşayış səviyyəsi yüksəldi.

Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycan müstəqillik əldə etdi. Səriştəsiz, dövlət idarəçiliyindən xəbəri olmayan insanlar Azərbaycanda hakimiyyəti ələ keçirdi. Respublikamızda ictimai - siyasi vəziyyət getdikcə ağırlaşırdı.
Ermənistandan zorla öz yurd-yuvalarından qovulan azərbaycanlılar respublikamızın bütün rayonlarına köçməyə məcbur oldular. Bu o zaman idi ki, Xankəndində erməni millətçi və separatçıların fəallaşması və Qa­rabağın Azərbaycandan ayrılması tələbləri səslənirdi. Ermənilər bu bölgədə azərbaycanlıları qətlə yetirirdilər.  Azərbaycanda hakimiyyətdə olan şəxslər bu hadisələrin qarşısını almaqda aciz idilər. Hakimiyyətdə olan AXC-Müsavat  cütlüyü özlərində cəsarət tapıb güclü və qətiyyətli siyasətçi, dövlət idarəçiliyini mükəmməl bilən, dahi şəxsiyyət olan Heydər Əliyevi hakimiyyətə dəvət etmədilər. Həmin dövrdə  Heydər Əliyev hakimiyyətdə olsaydı ölkəmiz bu cür ağır vəziyyətə düşməz, torpaqlarımızın 20 faizini Ermənistan işğal etməzdi, ölkə əhalisi çıxılmaz vəziyyətə düşməzdi.

Belə ağır günlərdə Azərbaycan ziyalıları bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Azərbaycan xalqının lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın 91 nəfərdən ibarət görkəmli ziya­lısı, nüfuzlu şəxsi Heydər Əliyevə müraciət göndərdi. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq partiyaya sədrlik etmək xahiş olu­nurdu. Bu müraciət həm də xalqın istək və arzusunu ifadə edirdi.
1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionla­rından seçilmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransı­nı keçirməyə nail oldu. Təsis konfransında Yeni Azərbaycan Partiya­sının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Konfransda həmçinin partiyanın proqram və nizamnaməsi də qəbul edildi. Beləliklə, bu gün də regionda ən böyük və güclü bir siyasi partiya olan YAP-ın təməli qoyuldu. Bu gün YAP üzvləri ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq bu kursu yaşatmaq üçün var gücləri ilə çalışırlar.
Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış YAP-ın əsas prinsipi və vəzifəsi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət qurulması, eləcə də, vətəndaşların dinc və firavan həyat sürməsini təmin etməkdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşı­sında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazası­nı şərtləndirir.
Ümummilli lider Heydər Əliyev öz xalqını sevən, müstəqil Azərbaycan dövlətinin yaşaması və güclü bir dövlət olması üçün canını belə əsirgəməyən dahi şəxsiyyət və güclü siyasətçi idi. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi astanasında olanda və ölkəmiz parçalanma təhlükəsi ilə üz - üzə qalanda bütün xalq Heydər Əliyev müdrikliyinə sığındı və bu ağır vəziyyətdən qurtuluşun yeganə yolunu Heydər Əliyev dühasında gördü. Heydər Əliyev qısa bir müddətdə öz müdrik və qətiyyətli siyasəti nəticəsində xalqı bu ağır vəziyyətdən çıxarmağı bacardı.
1993-cü ildə YAP ın sədri Heydər Əliyev xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi  və YAP iqtidar partiyası oldu. Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın ən ağır durumunda onun imdadına yetişdi. Həmin tarixdən bugünkü güclü, qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Prezident İlham Əliyev YAP sədri seçildikdən sonra parti­yaya gənclərin axını başlandı. Bu, dövlətimizin başçısına olan etimadın nəticəsidir. Bu gün dövrün tələblərinə uyğun olaraq, eləcə də hakim bir partiya olaraq Yeni Azərbaycan Partiyasında da islahatlar aparılır. YAP ın VII qurultayında qəbul edilmiş qərarlar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13  nəfərdən ibarət Təftiş Komissiyası, 35 nəfərdən ibarət Veteranlar Şurası təsdiq edilib.
İkinci Qara­bağ müharibəsi zamanı xalqın sıx vəhdəti, siyasi həmrəylik və milli birlik də bunu təsdiq etdi. Siyasi əqidəsindən və mövqeyindən asılı olmayaraq, hamı möhtərəm Prezidentimizin ətrafında bir yumruq kimi birləşdi. Nəticədə 44 gün ərzində düşmən diz çökdü və kapitulyasiya aktını imzalamağa məcbur edildi.
YAP həmçinin təşəbbüskar bir partiya kimi hər zaman digər siyasi partiyalarla dialoqa hazır olduğunu bəyan edib. YAP Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan digər siyasi partiyalarla əməkdaşlıq etməyə hazırdır. YAP Avropa və Asiyada iqtidarda olan bir çox siyasi partiyalarla sıx əməkdaşlıq edir.  Bu gün Azərbaycan xalqı iqtidar partiyası olan YAP-ı dəstəkləyir və partiyanın sədri,  ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi özlərinin lideri hesab edir.

Kamilə Əliyeva,
BDU-nun kafedra müdiri, professor