Təşviş, həyəcan pozuntuları...

Bölmə: Sosial › ,
Tarix: 21:47 15.11.2024

Təşviş, həyəcan hissi hər bir insanda olan hisslərdir. Lakin elə insanlar var ki, onlarda təşviş, həyəcan hissi normadan çox və davamlı olur. Hətta bu, insan həyatında problem səviyyəsinə qədər yüksəlir.

 

Bu mövzu ilə bağlı təşviş və həyəcan pozuntusu yaşayan bir şəxsin gündəlik problemləri haqqında fikirlərini öyrəndik. O, bu vəziyyəti belə ifadə etdi:

 

“Çox vaxt beynimdə həddindən artıq fikir dolaşır. Ətrafımdakı insanların mənə baxdığı düşüncəsi, hətta əslində baxmadıqları hallarda belə, mənə ciddi narahatlıq yaradır. Bəzən sırf bu hisslərə görə evdən çölə çıxmaq istəmirəm. Məcbur qalıb çıxdığımda isə özümü çox narahat hiss edirəm və hərəkət etmək belə istəmirəm. Çünki hər addımımda səhv bir şey edəcəyimi, ətrafımdakı insanların bunu görüb məni qınayacağını düşünürəm. Bunun həqiqətə uyğun olmadığını və yersiz bir təşviş olduğunu bilsəm də, həmin an bu hissləri yaşayıram. Ancaq bu hissin həmin an gələn şiddətini sözlərlə ifadə etməkdə çətinlik çəkirəm”.

 

Bəs təşviş, həyəcan pozuntusu olan insanlar bununla necə baş etsin? Bu pozuntunun öhdəsindən necə gəlsin?

 

“Bu mövzu ilə bağlı psixoloq Elmir Əkbər "İnformator.az"a açıqlamasında bildirib ki, təşviş, həyəcan hissi təbii, normal prosesdir:

 

"Belə ki, o olmasaydı, bəşəriyyət bu günə qədər sağlam qalmazdı, ancaq təşviş, həyəcan hissi o zaman problem kimi görünür ki, reaksiya yersiz baş verir. Məsələn, həyəcanlanmamalı olduğu yerdə insanda həyəcan yaranır və yaxud reaksiyanın miqdarı normadan çox olur.  Bu pozuntular simptom, sindrom və ya xəstəlik formasında özünü göstərə bilir. Xəstəliyə misal olaraq ən çox yayılanlardan biri panik pozuntudur ki, insanda paniq ataq tutmaları baş verir”. 

 

Ekspertin fikrincə, bu insan xarakterindəki problem və bəzi xüsusiyyətlərin daha çox ön plana çıxarılması da ola bilər:

 

“Xarakterdəki problemlər və bəzi hadisələrin daha çox ön plana çıxarılması buna elmdə insan xarakterinin patologiyası və aksentuasiyası da deyilir. Bu o deməkdir ki, məsələn, bəzi insanlar var ki, qohumlar haqqında çox narahatlıq keçirir, kimsə harasa gedəndə və ya hardansa qayıdanda həmin insan çox nigaran qalır, ya da biri evə gəlib çatana kimi yatmır, həmin adamı gözləyir. Həmçinin, pis hadisələr baş verdikdə qorxur, həyəcanlanır, kiminsə başına bədbəxt hadisə gələcək və ya kimsə xəstələnəcək və s. hallar bu pozuntunun tərkibində gedir. Bundan başqa, bu pozuntunun tərkibində gedən başqa fobiyalar da var. Məsələn, ölüm qorxusu (tanatofobiya), qapalı məkan qorxusu (klaustrofobiya), ünsiyyət qurmaq və sosiallaşmaq qorxusu (sosiofobiya)”. 

 

Ekspert təşviş, həyəcan pozuntularının həlli yollarını belə açıqlayır:

 

“Ümumiyyətlə, bütün psixoloji problemlərdə olduğu kimi təşviş, həyəcan pozuntusu problemlərinin də diaqnostikası ilə həkim-psixoterapevt məşğul olmalıdır. Psixoterapevt tapılmazsa, o zaman pasiyent psixiatrın qəbuluna müraciət edə bilər. Lakin burada da diqqətli olmaq lazımdır ki, psixiatrlar ancaq dərman müalicəsi ilə məşğul olur. Onların istifadə etdiyi dərmanlar ağır psixi xəstələr üçün nəzərdə tutulduğuna görə təşviş, həyəcan kimi nisbətən yüngül problemləri daha da artıra bilər".

 

Ekspert bu problemin həlli üçün nevroloqa getməyi ümumiyyətlə tövsiyə etmir və bunun yarada biləcəyi fəsadları göstərir:

 

“Bu problemin həlli üçün nevroloqa getmək daha ağır fəsadlarla nəticələnə bilər. Çünki nevroloq əslində psixoloji problemlərlə işləməli adam deyil. Onlar insult, iflic kimi xəstəliklərlə məşğul olduqlarına görə, bəzi dələduz nevroloqlar psixoloji problemləri olan insanları da öz yanlarına çəkir. Belə hallarda yazdıqları dərmanlar həmin insanlarda narkotik asılılıq yarada bilər".

 

Ekspert bu problemlə üzləşən insanlara ən ideal olaraq psixoterapevtə müraciət etmələrini tövsiyə edir və əlavə edir:

 

“Təşviş, həyəcan pozuntusu olan insanlar ideal olaraq psixoterapevtə müraciət etməlidirlər. Lazım gələrsə, psixoterapevt yüngül, asılılıq yaratmayacaq dərman təyin etməli və ən əsası psixoterapiya seansları aparılmalıdır”.

 

Mahmud Əskərli