Nitqimizdə olan problemlərin səbəbləri
Bölmə: Sosial › ,Tarix: 22:00 15.11.2024
Müasir dövrdə ən çox rast gəlinən problemlərdən biri uşağlarda nitqin vaxtında inkişaf etməməsidir. Bu səbəbdən onların nitqində qüsurlar yaranır.
Bəs nitq qüsurlarının səbəbləri nələrdir ?
Mövzu ilə əlaqədar defektoloq-loqoped, psixoloq Günel Fərzəliyeva "informator.az"a açıqlamasında nitq qüsurlarının ailə münasibətləri ilə də əlaqədar olduğunu bildirib:
"İstər uşağların nitq inkişafı, istərsə də psixoloji inkişafları ailə ilə bağlıdır. Bu problemin birinci səbəbi ailə ilə münasibət, ikinci səbəbi isə beyindaxili zədələnmələri və müəyyən xəstəliklər nəticəsində ana bətnində sonradan qazanılmış müxtəlif travmalar ola bilər. Nəticəsində həm fiziki, həm də psixoloji travmalar nitqdə qüsurlar yaradan başlıca faktorlardan hesab olunur. Bundan əlavə, burada həm uşağların, həm də gənclərin sosial vəziyyətləri və fobiyaları ünsiyyətdən qaçınma kimi hallarda nitqdə qüsurların yaranmasına səbəb olur. Eyni zamanda sonradan qazanılmış xəstəliklər, qəzalar, müəyyən fiziki və psixoloji travmalar nəticəsində nitqin inkişafında müəyyən məhdudiyyətlər və qüsurlar formalaşa bilər".
Psixoloq uşaqların gec dil açmasına səbəb olan amillərdən də danışıb:
"Uşağların gec dil açması səbəblərinə gəldikdə isə, burada ən böyük problemi az ünsiyyət qurmaq yaradır. Uşağların 5 yaşına qədər nitqinin ən önəmli inkişaf dönəmləridir və bu dönəm ərzində uşağlarla daha çox ünsiyyət qurmaq çox vacibdir. Hər yaşına və dönəminə uyğun uşağlarda nitqin düzgün inkişaf etdiyini müşahidə aparmaq lazımdır. Əgər valideyin öz uşağının nitqində gecikmələr müşahidə edirsə, bu zaman lazım olan mütəxəssislərə, həkimlərə və loqopedlərə mütləq müraciət etməlidir",-deyə o, fikirlərini yekunlaşdırıb.
Məryəm Zaliyeva